Şəkidə vətəndaşların seçki hüququ ilə bağlı növbəti "dəyirmi masa" keçirilib
- 19 yanvar, 2024
- 13:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə növbədənkənar prezident seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti “dəyirmi masa” keçirilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, MSK-nın üzvü Nizami Nadirxanlı iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı müşahidəçilik institutunun əhəmiyyəti, Ombudsmanın və təsisatın bu prosesdəki rolu barədə danışıb. Aparat rəhbəri Ombudsman təsisatı tərəfindən MSK ilə birgə paytaxt və regionlarda keçirilən maarifləndirmə tədbirlərinin məhz seçkiyə hazırlıq məqsədilə təşkil olunduğunu, seçki hüquqlarının və prosedurların daha aydın izah olunması məqsədi daşıdığını vurğulayıb. A.Səfixanlı, həmçinin Ombudsman təsisatının əməkdaşlarının bir qisminin seçkilərdə müstəqil olaraq müşahidəçi kimi iştirak edəcəyini diqqətə çatdırıb.
Daha sonra Mərkəzi Seçki Komissiyasının üzvü Nizami Nadirxanlı MSK tərəfindən görülən işlər haqqında məlumat verib, maarifləndirmə tədbirlərinin davam etdirildiyini bildirib.