Şəhid Abdulla Quliyevin qardaşı: Şuşa döyüşlərində könüllü iştirak edib
- 28 oktyabr, 2025
- 12:40
Şəhid Abdulla Quliyev könüllü olaraq Şuşa döyüşlərində iştirak edib və orada şəhid olub.
"Report" xəbər verir ki, bu sözləri 30 il sonra nəşinin qalıqları tapılan şəhidin qardaşı Əhəd Əliyev deyib.
O bildirib ki, hadisədən sonra onlara şəhid olduğu xəbəri çatıb:
"Abdulla 1992-cü ildə Şuşa işğal olunanda yanacaqdoldurma məntəqəsinin yaxınlığında döyüşüb. Daha sonra şəhid olduğunu öyrənmişik. Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız azad olundu. Torpaqlarımız azad ediləndən sonra qardaşım doğma torpağına gətirildi və burada dəfn olundu. Bu işdə əməyi olan hər bir kəsə minnətdaram. 33 il idi ki, biz onu gözləyirdik. Xüsusi bir xəbər də yox idi. Artıq vəziyyətlə barışmışdıq ki, şəhid olub. Bu şərəfi qazanıb. İndi isə onun ziyarətinə gedəcəyimiz bir məkanımız var".
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Abdulla Novruz oğlu Quliyev bu gün dəfn olunub. Şəhidin nəşinin qalıqları Abşeron rayonu Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.