Sədr müavini: "Dini siyasiləşdirərək təsir mexanizminə çevirənlərə qarşı tədbirlər görülür"
- 25 iyul, 2023
- 11:22
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bəzən din adı altında ölkə əleyhinə, dövlətçiliyə qarşı təxribat xarakterli işlər görənlər olur. Dini siyasiləşdirərək təsir mexanizminə çevirirlər".
"Report"un Qərb bürosunun məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev Gəncədə "Müasir çağırışlar və qarşıda duran əsas hədəflər" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bu cür təxribatlara əl atanlar vaxtında dəqiqləşdirilir və onların barəsində müvafiq tədbirlər görülür.
Sədr müavini həmçinin bildirib ki, din xadimlərinin başqa qüvvələrin maddi asılılığı altına düşməməsi üçün Dövlət Komitəsi tərəfindən onlara maddi yardımlar ayrılır.
Tədbir çıxışlarla davam etdirilib. Bildirilib ki, Dövlət Komitəsi ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, müxtəlif dinlərə ve məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinin daha da gücləndirilməsi, həmçinin dinin siyasiləşdirilməsi, radikalizm və ekstremizmə qarşı ideoloji müstəvidə effektiv mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda silsilə maarifləndirici tədbirlər təşkil edir.
Qeyd olunub ki, bu işdə müvafiq qurumlar, yerli icra hakimiyyəti orqanları ilə də yaxından əməkdaşlıq edilir. Bu qəbildən olan tədbirlərin davamı kimi növbəti görüş Gəncə şəhərində 3 günlük regional konfrans şəklində təşkil edilib.
Çıxışlarda ölkədə dini mühitdə gedən proseslər, cağırışlar, təhdidlər və Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar barədə danışılıb.
Qeyd edək ki, "Müasir çağırışlar və qarşıda duran əsas hədəflər" mövzusunda keçirilən konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Məhsəti Gəncəvi Mərkəzində öz işinə başlayıb.
Toplantının açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Musa Quliyev, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və Qafqaz Müsəlmanları İdarəsinin bölgə nümayəndəsi Tahir Abbasov iştirak ediblər.
Konfrans iyulun 27-dək davam edəcək.