Rauf Cabarov: Yay məktəbi gənclərin beynəlxalq rəqabətqabiliyyətliliyini artırır

Daxili siyasət
  • 06 iyul, 2026
  • 17:51
Rauf Cabarov: Yay məktəbi gənclərin beynəlxalq rəqabətqabiliyyətliliyini artırır

İnformasiya təhlükəsizliyi üzrə yay məktəbi gənclərin beynəlxalq rəqabətqabiliyyətliliyini artırır.

Bunu "Report"un Qərb bürosuna açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov Mingəçevirdə "Cyber Summer School 2026" yay düşərgəsinin açılışı çərçivəsində deyib.

Onun sözlərinə görə, yay məktəbi çərçivəsində iştirakçıların bilikləri daha da təkmilləşdirilir, həmçinin onların beynəlxalq mühitdə rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmaları üçün ingilis dilində də təlimlər keçirilir.

R.Cabarov bildirib ki, hər il yay məktəbinin açılışında əvvəlki illərin məzunları da iştirak edirlər:

"Həmin məzunlar arasında hazırda dünyanın nüfuzlu universitetlərində təhsil alan gənclərin olması layihənin uğurunun bariz göstəricisidir. Ümumilikdə yay məktəbindən ilhamlanaraq informasiya təhlükəsizliyi ixtisasını seçən və müxtəlif universitetlərə qəbul olan çoxlu sayda gənc də var".