Ramin Məmmədov Şəmkirdə "Cümə" məscidini, alman kilsəsini ziyarət edib

Daxili siyasət
  • 31 iyul, 2026
  • 16:39
Ramin Məmmədov Şəmkirdə Cümə məscidini, alman kilsəsini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəmkir rayonunda fəaliyyət göstərən "Cümə" məscidinə, eləcə də Alman Lüteran kilsəsinə baş çəkib, dini icmaların nümayəndələri ilə görüşüb.

Bu barədə "Report"a komitədən məlumat verilib.

Qeyd edilib ki, ibadət evlərində yaradılan şəraitlə tanış olan Ramin Məmmədov Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, ibadət evlərinin fəaliyyətinə dövlət tərəfindən davamlı dəstək göstərildiyini, din xadimlərinin diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb. O, ölkədə sağlam dini mühitin qorunması, zərərli meyillərin qarşısının alınması istiqamətində ardıcıl addımlar atıldığını bildirib.

Azərbaycanda dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu vurğulayan R.Məmmədov müxtəlif konfessiyalar arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın bunun bariz nümunəsi olduğunu deyib. Komitə sədri cəmiyyətdə tolerantlıq ənənələrinin gücləndirilməsi və gənclərin maarifləndirilməsində din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü əlavə edib.

Görüşdə din xadimləri və dini icma nümayəndələri onları maraqlandıran məsələlərlə bağlı təkliflərini səsləndiriblər, dövlət tərəfindən göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.