Qırmızı Qəsəbədə yəhudilərin “Qurtuluş və Nicat Günü” qeyd olunub

Daxili siyasət
  • 26 may, 2025
  • 16:35
Qırmızı Qəsəbədə yəhudilərin “Qurtuluş və Nicat Günü” qeyd olunub

Quba rayonundakı Qırmızı Qəsəbədə yəhudilərin “Qurtuluş və Nicat Günü” qeyd edilib.

"Report"un Şimal bürosunun məlumatına görə, Dağ Yəhudiləri İrsi Mərkəzinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsində nasizm üzərində qələbəyə və yəhudi xalqının məhv olmaq təhlükəsindən xilasını simvolizə edən “Qurtuluş və Nicat Günü”nə həsr edilən tarixi sərgi təşkil olunub.

Qırmızı Qəsəbədə yerləşən Dağ Yəhudiləri Muzeyində baş tutan tədbirdə rəsmi şəxslər, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri iştirak ediblər.

Tədbirdə bu xüsusi təqvimin yaranmasından və sərginin əhəmiyyətindən bəhs edən Dağ Yəhudiləri Muzeyinin direktoru İqor Şaulov Holokost faciəsi zamanı dağ yəhudilərinin üzləşdikləri çətinliklər və onlara qarşı törədilən qətliamların icmanın tarixində və həyatında dərin və silinməz iz qoyduğunu bildirib. O, qələbənin və qurtuluşun böyük qurbanlar bahasına başa gəldiyini qeyd edərək bu tarixin daim yaddaşlarda saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.

İ.Şaulov tolerantlığı və multikulturallığı ilə dünya üçün bir nümunə olan və antisemitizmə qarşı çıxan Azərbaycanda uzun illər müxtəlif xalqların və dinlərin dinc və qarşılıqlı hörmət şəraitində yaşadığını, bu nizamın qorunub saxlanılmasında Prezident İlham Əliyevin və Azərbaycan xalqının böyük əməyinin olduğunu vurğulayıb.

Sərgidə çıxış edən İsrailin Azərbaycandakı səfiri Corc Dik son illər dünyada ekstremizm və antisemitizm nümunələrinin yenidən baş qaldırdığını önə çəkərək bunun nəinki yəhudi xalqı, bütövlükdə dünya üçün yeni təhlükələr yaratdığını bildirib.

Səfir faciəvi tarixin bir daha təkrarlanmaması üçün dünyada yaşayan yəhudilərin birlik nümayiş etdirməsinin önəmini qeyd edib və yəhudi xalqının dünyada hər zaman sülh tərəfdarı olduğunu deyib. Diplomat sərginin ortaq tarixi xatırlatma və gələcək nəsillərin maarifləndirilməsi baxımından əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Sərgi iştirakçıları muzeydə qorunub saxlanılan nadir eksponatlarla və fotoşəkillərlə tanış olublar. Ziyarətçilərə eksponatlar vasitəsilə icmanın tarixi, mədəni irsi və muzeyin bu irsin qorunmasında oynadığı rol barədə ətraflı məlumat verilib. Həmçinin Qırmızı Qəsəbəyə bələdçilərin müşayəti ilə ekskursiya təşkil edilib.