Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib
- 15 oktyabr, 2026
- 17:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Tailandın paytaxtı Banqkokda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) İllik Toplantılarında qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti İllik Toplantılarda iştirak çərçivəsində Azərbaycanın da təmsil olunduğu Seçki Qrupunun növbəti toplantısına qatılıb. Baş bankir toplantıda çıxışı zamanı qlobal iqtisadi proseslərin ölkəmizə təsirləri, maliyyə sabitliyinin daha da möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər və maliyyə sektorunun davamlı inkişafına yönəlmiş təşəbbüslər barədə danışıb. O, Dünya Bankı və IMF ilə uzunmüddətli əməkdaşlığın ölkədə institusional potensialın daha da genişləndirilməsinə və iqtisadi dayanıqlılığın artırılmasına mühüm töhfə verdiyini vurğulayıb.
Dünya Bankı və IMF-in üzv ölkələrinin dövlət və hökumət rəsmiləri, mərkəzi bank rəhbərləri və beynəlxalq maliyyə institutlarının nümayəndələrinin iştirak etdiyi bu toplantı çərçivəsində Seçki Qrupuna daxil olan ölkələrdə mövcud makroiqtisadi vəziyyət, inkişaf meyilləri, qarşıda duran çağırışlar, eləcə də qlobal iqtisadi proseslərin milli iqtisadiyyatlara təsiri ətrafında geniş müzakirələr aparılır.