"Qərbi Azərbaycanın yaddaş yerləri": Azərbaycanlıların qovulduğu daha bir kənd - Ayrım

Daxili siyasət
  • 28 noyabr, 2026
  • 13:27
Qərbi Azərbaycanın yaddaş yerləri: Azərbaycanlıların qovulduğu daha bir kənd - Ayrım

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarına qədər yaşadıqları Ayrım (indiki Mets Ayrum) azərbaycanlı kəndinin tarixi haqqında araşdırma dərc olunub.

"Report" xəbər verir ki, bu barədə məqalə "Perished civilization"da yayımlanıb.

Qeyd edilib ki, kənd çar mənbələrində iki adla qeyd edilir: Ayrum və Çoçkan-Ayrum. Onun adı ayrım türk tayfası ilə bağlıdır. Sovet dövründə bu kəndin yanında 1926-cı ildən statistik məlumatlarda ayrıca nəzərə alınmış Kiçik Ayrım kəndi yaranıb. Bununla yanaşı, kəndin özü mənbələrdə Mets Ayrum (Böyük Ayrım) adı ilə qeyd olunmağa başlayıb.

Kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir. Çar Rusiyası dövründə kənd Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olub. Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlılar yaşayıblar.

Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusuna görə, 1886-cı ildə kənddə hamısı azərbaycanlılar olmaqla 171 nəfər yaşayıb.

1915-ci ilə olan Qafqaz təqvimina görə isə 1914-cü ildə kənddə 381 nəfər, əsasən, azərbaycanlılar yaşayıb.

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə, o cümlədən Gürcüstana ərazi iddiaları irəli sürməyə başlayıb. Buna görə 1918-ci ilin dekabrında erməni-gürcü müharibəsi alovlanıb.

1919-cu ilin yanvarında tərəflər arasında bağlanmış saziş nəticəsində Borçalı qəzası faktiki olaraq bölünüb: onun şimal hissəsi gürcü, cənub hissəsi erməni nəzarətində qalıb, onların arasında isə Lori neytral zonası yaradılıb. Ayrım kəndi əvvəlcə Britaniya nəzarəti altında olmuş bu zonanın hüdudlarına düşüb.

1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. 1921-ci ilin iyulunda bolşevik partiyasının Qafqaz bürosu Lori neytral zonasının Sovet Ermənistanı tərkibinə salınması haqda qərar qəbul edib.

Sovet dövründə kənd Allahverdi rayonunun tərkibində olub, rayon sonradan Tumanyan adlandırılıb. Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində azərbaycanlılar yaşayıblar.

1920-ci illərdə kənd əhalisinin bir hissəsi köçüb və Kiçik Ayrım kəndini salıb. 1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 454 nəfər yaşayıb.

Akopyan T.X., Məlik-Baxşyan St.T, Barseqyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimləri lüğətində qeyd edilir ki, 1989-cu ildə kənddə 467 nəfər yaşayıb.

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

Araşdırmada vurğulanıb ki, 2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir hissəsi salamat qalmış onlarla məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib.

"Qərbi Azərbaycanın yaddaş yerləri": Azərbaycanlıların qovulduğu daha bir kənd - Ayrım