Qərbi Azərbaycana qayıdış mövzusunda panel sessiya keçirilib
- 03 iyun, 2026
- 12:59
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" adlı l beynəlxalq elmi konfrans çərçivəsində "Qayıdış və regionun yeni sülh arxitekturası" adlı panel sessiya keçirilib.
"Report" xəbər verir ki, paneldə çıxış edən ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damyan Miškoviç dünyada baş verən müharibələrin hər kəsə təsir göstərdiyini vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şamil Ayrım vurğulayıb ki, doğma torpağında didərgin düşmək bütün insanlar üçün ağır durumdur. O, Azərbaycan-Ermənistan arasında sülh prosesinə toxunaraq bölgədə sülhün bərqərar edilməsinin zəruriliyini bildirib:
"Azərbaycan bu yöndə hərtərəfli addımlar atır. Beynəlxalq hüquq da Qərbi Azərbaycana qayıdış haqqını təsdiqləyir. Hazırda iki ölkə arasında davam edən sülh prosesi müsbət nəticəyə ümid verir. Azərbaycan və regionun digər dövlətlərinin də bu sülhdən faydalanacaqlarını nəzərə alsaq, sülh əhəmiyyəti daha qabarıq görünər".
Qərbi Kaspi Universitenin beynəlxalq münasibətlər üzrə mütəxəssisi Şiraz Mehmud Xan çıxışında Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşməsinin verdiyi üstünlüyü diqqətə çatdırıb:
"Azərbaycan təkcə Qərb ölkələrini enerji ilə təmin etmir və ya onlara bağlantı imkanları yaratmır. Azərbaycanda baş tutan böyük beynəlxalq tədbirlər göstərir ki, bu ölkə yalnız yaxşı bir orta güc deyil, eyni zamanda dünyanın çox vacib ekoloji problemlərinə və şəhərsalma ilə bağlı mühüm məsələlərə də diqqət yetirir".
BDU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti Fərhad Hüseynov qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan sülh istiqamətində mühüm addımlar atıb:
"Sülhün özü ədalət deməkdir. Biz istəyirik ki, sülh uzunmüddətli olsun və təhlükəsizliyə qəti zəmanət verilsin".
Sessiya sual-cavabla davam edib.