Prezidentin hər bir çağırışı gələcəyimiz üçün yol xəritəsidir - RƏY
- 04 noyabr, 2025
 - 16:11
 
                            
                            
                        Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngindir.
Bunu "Report"a Milli Məclisin deputatı Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı barəsində danışarkən deyib.
Deputat qeyd edib ki, bu çağırışların həyata keçirilməsi üçün ölkə hər bir sahədə böyük potensiala, təcrübəyə malikdir:
"Hər bir çağırış gələcəyimiz üçün mühüm yol xəritəsidir. Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin qeyd olunduğu 2015-ci ildən bizləri ayıran 10 ilik zaman Azərbaycanın tarixinə möhtəşəm uğurları yazdı. Bu gün hər birimiz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə qürur duyuruq".
    
    
Deputat vurğulayıb ki, dövlət başçısı AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda bütün bu məqamlara bir daha diqqəti yönəltdi:
"Prezident yığıncaq iştirakçılarına xatırlatdı ki, 10 il bundan əvvəl - Akademiyanın 70 illiyində bu salonda alimlər qarşısında çıxış edib. Son 10 ildə həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş verdi. Dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir. Azərbaycana gəldikdə isə son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olub".
O qeyd edib ki, əsas vəzifə - torpaqların azad edilməsi, ərazi bütövlüyünün və suverenliyin bərpası layiqincə təmin edilib.
"Bu gün Azərbaycan bütün suveren torpaqlarına sahibdir. Ərazimizdə işğalçı qüvvələr, xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub, yaradırıq. Azərbaycanın uğurlarının zirvəsində təbii ki, tarixi Zəfərimiz dayanır".