Prezidentin AMEA-nın yubileyində səsləndirdiyi fikirlər istiqamətverici mesaj idi - RƏY

Daxili siyasət
  • 04 noyabr, 2025
  • 13:49
Prezidentin AMEA-nın yubileyində səsləndirdiyi fikirlər istiqamətverici mesaj idi - RƏY

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağında iştirakı və çıxışı dövlət başçısının elmə, təhsilə və ziyalılara göstərdiyi dərin diqqət və hörmətin bariz göstəricisidir.

Bunu "Report"a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O hesab edir ki, prezidentin orada səsləndirdiyi fikirlər elmi mühit üçün bir çağırış, bir istiqamətverici mesaj idi və bu baxımdan Prezidentin çıxışını "yol xəritəsi" adlandırmaq tam yerinə düşür:

"Çünki burada həm elm adamlarının qarşısında duran yeni vəzifələr müəyyən olunur, həm də dövlətin bu sahəyə göstərdiyi davamlı dəstəyin konturları aydın şəkildə ifadə edilir".

Deputat bildirib ki, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı bir sıra strateji əhəmiyyətli məqamlara toxundu və onlardan biri də süni intellekt sahəsi ilə bağlı idi:

"Dövlətimizin başçısı qeyd etdi ki, bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır. Bu fikirlər bir daha göstərir ki, Prezident İlham Əliyev elmin müasir çağırışlarını dərindən təhlil edir və ölkəmizin gələcək inkişafında innovasiyaların, texnologiyanın və rəqəmsallaşmanın rolunu xüsusi vurğulayır".

S.Salmanova bildirib ki, hazırda süni intellekt Azərbaycanda dövlət səviyyəsində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib:

"Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının Süni İntellekt Strategiyası" bu sahənin inkişafına sistemli və ardıcıl yanaşmanın bariz nümunəsidir. Həmin sənəd süni intellektin təkcə texnoloji deyil, həm də elmi, iqtisadi və sosial müstəvidə strateji əhəmiyyət daşıdığını təsdiqləyir. Bu, dövlətin gələcəyə baxışını, elmi yeniliklərə açıq siyasətini və Azərbaycanı regionun qabaqcıl texnoloji mərkəzlərindən birinə çevirmək məqsədini əks etdirir".

Son xəbərlər

Bütün Xəbər Lenti