Prezident İlham Əliyev: "Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir" - FOTO

Daxili siyasət
  • 03 dekabr, 2016
  • 17:09
Prezident İlham Əliyev: Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir - FOTO

Bakı. 3 dekabr. REPORT.AZ/ "Aprel döyüşləri bizim şanlı tariximizdir. Azərbaycan ordusu da, Azərbaycan vətəndaşı da qəhrəmanlıq göstərib".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün Tərtər rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Ordusu düşmənin hücumuna cavab olaraq hərbi qələbə qazanıb: "Ordumuz əlverişsiz mövqelərdən əks hücum əməliyyatı keçirərək böyük ərazini işğalçılardan azad edib. Həm keçmiş Dağlıq Qarabağ Muxtar vilayətinin ərazisində, indiki Ağdərə rayonunda, eyni zamanda Cəbrayıl, Füzuli rayonlarında. Ermənilərin uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi.

Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir. Ermənilər əlverişli mövqelərini tərk edərək qorxudan qaçıb gizlənmişdilər. Onların kəndlərində yaşayan insanların sayı getdikcə azalır. Ancaq Tərtərdə, Ağdamda bir nəfər belə yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır. Bu, bir daha xalqımızın ucalığını göstərir”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident bildirib ki, Azərbaycan bu döyüşlərdə nəinki öz gücünü göstərdi, düşmənə və dünyaya bir daha sübut etdi ki, biz indiki vəziyyətlə heç vaxt barışmayacağıq. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Şuşa da, Xankəndi də, hələ ki, işğal altında qalan digər bütün torpaqlar da.

“Bizim tarixi coğrafiyamız çox geniş olub”, - deyən dövlət başçısı İrəvanın, Göyçənin, Zəngəzurun da Azərbaycanın tarixi torpaqları olduğunu qeyd edib. 

Dövlət başçısı qeyd edib ki, azərrbaycanlılar bütün tarixi torpaqlarına qayıdacaq: "Bu gün bizim indiki Ermənistan Respublikasının torpağında gözümüz yoxdur. Biz nə İrəvanı, nə Mehrini, nə Gorusu hərbi yolla qaytarmaq fikrində deyilik. Amma mən əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. Biz bunu ardıcıl siyasətlə, sülh yolu ilə edəcəyik. Bütün obyektiv səbəblər onu göstərir ki, o gün gələcək. Sadəcə olaraq bizim hər birimiz o günü yaxınlaşdırmalıyıq. Necə yaxınlaşdırmalıyıq? Daha da güclü olmalıyıq”.

Prezident qeyd edib ki, bu gün dünyada artıq beynəlxalq hüquq anlayışı demək olar iflasa uğrayıb. İndi güc əsas amildir. Bu, belədir. Biz də real dünyada yaşayırıq. Ona görə daha da güclü olmalıyıq, daha güclü ordu qurmalıyıq. İqtisadiyyat daha da güclü olmalıdır, inkişaf daha da sürətlə getməlidir. Hətta böhranlı illərdə ölkə əhalisinin sayı getdikcə artır və artacaq. İndi bir-iki ilə Azərbaycan əhalisi on milyona çatacaq. Bu meyil davam edir. İndi əhali nə qədər çox artırsa, sonrakı illərdə də artım daha yüksək olacaq. Ermənistanda isə əhali azalır. Bu, həm təbii səbəblər, həm miqrasiya, həm də ümidsizlik, çarəsizlik, özbaşınalıq üzündən baş verir.

Dövlət başçısı vurğulayıb ki, Ermənistanın indiki faşist rejimi faktiki olaraq ölkədə dözülməz şərait yaradıb. Ona görə də orada əhali daha da azalacaq, çıxıb gedəcək, necə ki, indi çıxıb gedir. Biz torpaqlarımıza qayıdacağıq. Qayıtmaq üçün düşünülmüş strategiya, konsepsiya olmalıdır. Bu, var. Strateji xəttimiz müəyyən olunub və biz hər il taktiki addımları atacağıq".

44 - Tezliklə