Nail Şükürov: Gənclər Fondunun süni intellekt təqaüd proqramına 2000-ə yaxın müraciət daxil olub
- 09 iyun, 2026
- 14:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramından 25 gənc yararlanır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, gənclərin bu istiqamətdə bilik və bacarıqlarının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi Gənclər Fondunun əsas prioritet istiqamətlərindən biridir:
"2026-cı ildə elan edilən "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramı aktivdir və 2 000-ə yaxın müraciət olub. Hazırda seçilmiş 25 nəfər gənc bu təqaüd imkanından istifadə edir".
O həmçinin vurğulayıb ki, gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edilib:
"Müsabiqənin 7 mövzusundan biri məhz rəqəmsal gələcək, innovasiya və süni intellektlə bağlıdır. Gənclər bu mövzuda layihə təkliflərini Gənclər Fonduna təqdim edərək qrant əldə edə bilərlər. Nəticədə öz təşəbbüslərini həyata keçirə bilərlər"