Muğla bələdiyyəsinin sədri: Azərbaycanın yerli idarəetmə nümayəndələri ilə mütəmadi əlaqələrimiz var
- 19 sentyabr, 2026
- 16:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Muğla bələdiyyəsi Azərbaycanın yerli idarəetmə nümayəndələri ilə mütəmadi əlaqələr qurur.
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında COP-31-ə hazırlıq çərçivəsində Ankarada keçirilən "Ətraf Mühit və Kommunikasiya Zirvəsi" mövzulu beynəlxalq konfransa qatılan Muğla Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Aras deyib.
O bildirib ki, Muğlanın 13 rayonu arasında xüsusilə seçilən Bodrum azərbaycanlıların ən çox sevdiyi istirahət bölgəsidir:
"Azərbaycanın Türkiyədəki Səfirlik nümayəndəliyi ilə, bələdiyyə nümayəndə heyətləri ilə rəsmi görüşlər keçirilərək ölkəmizlə birgə mədəni, turizm və yerli idarəetmə layihələri çərçivəsində tərəfdaşlıq imkanları, qardaş şəhər münasibətlərini müzakirə edirik".
Ahmet Aras deyib ki, bundan başqa Bakıda keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə, o cümlədən COP-29 İqlim Sammitində iştirak edib. Azərbaycanlı tərəfdaşları və müxtəlif yerli idarəetmə nümayəndələri ilə əlaqələri gücləndirmək üçün də görüşlər keçirib.
Qeyd edək ki, Ankara Antalyada keçiriləcək COP-31 qlobal iqlim sammitinə hazırlıq, dialoq və maarifləndirmə tədbirlərinə ev sahibliyi edir.
Tədbirdə dövlət sektorunun, yerli hökumətlərin və medianın nümayəndələrinin iştirakı ilə iqlim böhranıyla mübarizədə şəhərlərin rolu və iqlim diplomatiyası müzakirə edilib.
Muğlanın iqlim mühafizəsi səylərindən bəhs edən Ahmet Aras bildirib ki, rəhbərlik etdiyi bələdiyyənin təşkilatçılığı ilə COP-31 çərçivəsində 28-30 sentyabr tarixlərində Muğla Aralıq dənizi İqlim Zirvəsi keçiriləcək.