Milli Observatoriya imtahandan azad olunan şəxslərin kateqoriyalarını elan edib
- 05 iyun, 2026
- 12:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Qiymətləndirmə Mərkəzində Nazirliyin qurumlarına kadr seçimi məqsədilə keçirilən test imtahanından hansı namizədlərin azad olunduğu açıqlanıb.
"Report" xəbər verir ki, bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mətbuat katibi Fidan Seyidşahqızı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin şəxslər sənəd qəbulu zamanı imtiyazlarını təsdiq edən sənədləri sistemə yükləməlidirlər:
"Bunlara elmlər doktoru elmi dərəcəsinə malik şəxslər, azı 5 il dövlət qulluğu stajı olan dövlət qulluqçuları, peşəkar mühasib və tibbi sertifikata sahib şəxslər, yüksəliş müsabiqəsinin finalçıları, həmçinin "Gənc Dost" könüllü proqramını A sertifikatı ilə başa vuran könüllülər daxildir".
F.Seyidşahqızı vurğulayıb ki, imtahan 100 dəqiqə davam edir:
"Sualların ən azı 70 faizini düzgün cavablandıran namizədlər müvəffəqiyyətli hesab olunaraq ikinci mərhələyə – müsahibəyə buraxılırlar".
Mətbuat katibi onu da qeyd edib ki, müsahibə mərhələsi əvvəlcədən elan olunmuş proqram əsasında keçirilir və bu zaman namizədlərin bilik səviyyəsi, peşəkar bacarıqları, eləcə də vəzifəyə uyğunluğu qiymətləndirilir.