Lənkəran, Salyan, Cəlilabad, Biləsuvar və Zərdabda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
- 20 yanvar, 2023
- 09:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Lənkəran, Salyan, Cəlilabad, Biləsuvar və Zərdab rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.
"Report"un bölgə müxbirləri xəbər verir ki, mərasimlərdə rayon icra hakimiyyətlərinin rəhbərləri, yerli sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar rayonunun Mərkəzi parkında yerləşən Şəhidlər xiyabanı və Cəlilabad rayonunda Şəhidlər Parkındakı Abidə Kompleksi ziyarət edilib və şəhidlərin ruhuna dualar oxunub.
Həmçinin 20 Yanvar faciəsinin biləsuvarlı qurbanlarından olan Əlimərdan Hüseynovun Çaylı kənd qəbiristanlığındakı məzarı ziyarət edilir.
Qeyd edək ki, 20 Yanvar hadisələri zamanı Biləsuvar rayonundan iki nəfər - Baba Xammədov və Əlimərdan Hüseynov şəhid olub.
Salyan rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi qeyd olunub.
“Report”un Aran bürosunun məlumatına görə, mərasim iştirakçıları 20 Yanvar şəhidlərinin avtovağzal yaxınlığında xatirəsinə ucaldılmış kompleksi ziyarət edib, önünə tər-qərənfillər düzüblər.
Bundan sonra rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri 20 Yanvar şəhidi Elçin İmanovun şəhər qəbiristanlığında uyuduğu məzarına da baş çəkiblər.
I Qarabağ və Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək ərazi bütövlüyümüz uğrunda şəhid olmuş oğullarımızın Salyan Şəhidlər xiyabanındakı məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
Sonda 20 Yanvar şəhidi Elçin İmanovun ailəsi ilə görüş olub.
20 Yanvar şəhidlərinin xatirəsi Lənkəranda da ehtiramla yad olunub.
“Report”un Cənub bürosu xəbər verir ki, Lənkəranda da qanlı yanvar hadisələrinin 33 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, İcra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri “Şəhidlər xatirə abidə kompleksi”ni ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxunub. Abidənin önünə gül-çiçək dəstələri düzüb, Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Ümumrayon anım mərasimindən sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında toplantı keçirilib. Ədəbi-bədii kompozisiya göstərilib, sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda kütləvi qırğın törədən Sovet Ordusunun cəza dəstələri Lənkərana da desant göndərərək və milli azadlıq hərəkatının fəallarına, dinc əhaliyə divan tutublar. Faciə zamanı 5 nəfəri Bakıda olmaqla ümumiyyətlə, 11 lənkəranlı şəhid olub, onlarca rayon sakini yaralanıb və həbs olunaraq mənəvi-psixoloji işgəncələrə məruz qalıb.
Zərdabda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, tədbir ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılıb. Sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş divar qəzetlərindən və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Şəhidlərin xatirə parkında abidə önünə gül dəstələri qoyularaq şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Bütün rayonlarda saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər vasitəsilə səs siqnalları verilib