Kürdəmirdə Zəfər Günü bayram əhval-ruhiyyəsi yaradıb
- 08 noyabr, 2022
- 19:48
Kürdəmir rayonunda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan tarixi Qələbənin ikinci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri Vətən yolunda canlarından keçmiş igid oğullarımızın xatirəsinə ucaldılmış abidəni və ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuzun əldə etdiyi böyük Zəfərin verdiyi qürurdan danışaraq, iftixar gününə çevrilmiş Zəfər bayramı münasibətilə xalqımızı təbrik ediblər.
Tədbir vətənpərvərlik mövzusunda hazırladığı konsert proqramı ilə davam etdirilib.