Kəlbəcər sakini: Əzabla tərk etdiyimiz yurda indi sevinc göz yaşları ilə qayıdırıq
- 15 sentyabr, 2025
- 16:30

Kəlbəcər sakini əzabla tərk etdikləri yurda indi sevinc göz yaşları ilə qayıtdıqlarını bildirib.
Bunu "Report"un Kəlbəcərə ezam olunan əməkdaşına açıqlamasında rayon sakini Hüseyn Babayev deyib.
O, Kəlbəcərin işğalı zamanı keçirdikləri əzabı heç vaxt unutmayacaqlarını vurğulayıb:
"1938-ci ildə anadan olmuşam. Kəlbəcərin nə vaxtsa işğal olunacağını ağlıma gətirməzdim. Amma bu baş verdi, əliyalın vəziyyətdə düşmənə müqavimət göstərə bilmədik. Kəlbəcərdən çıxmağa məcbur olsaq da, doğma torpağa qayıdacağımıza həmişə inanırdıq.
İndi buradayıq. Dağların bu əzəməti və təbiətin gözəlliyi üçün çox darıxmışdım. Bu sevinci bizə yaşadan ölkə başçısına, ordumuza təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Əzabla tərk etdiyimiz yurda indi gülə-gülə, sevinc göz yaşları ilə qayıdırıq".