Keçmiş məcburi köçkün: Şuşanı 5 yaşımda tərk etdim, dörd övladımla qayıdıram

Daxili siyasət
  • 25 iyun, 2026
  • 06:54
Keçmiş məcburi köçkün: Şuşanı 5 yaşımda tərk etdim, dörd övladımla qayıdıram

Şuşanı 1992-ci ildə məcburi tərk etdik. O vaxt 5 yaşım vardı.

Bu sözləri "Report"a Şuşa sakini, keçmiş məcburi köçkün Zaur Xanəliyev deyib.

O, qeyd edib ki, Şuşa ilə bağlı arzuları tezliklə həyata keçir: "Sevincimizin hədd-hüdudu yoxdur. Allah Prezidentimizə uzun ömür versin. Bu sevinci bizə yaşatdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Şuşa ilə bağlı arzularım çoxdur. Ora ailəm – həyat yoldaşım, dörd övladımla qayıdıram. Qaynaqçıyam, yurduma qayıdıb orada da bu peşəm üzrə işləyəcəyəm".

Qeyd edək ki, bu gün Şuşa, Xankəndi, Xocavənd, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınacaq. Bu mərhələdə Kərkicahan qəsəbəsinə 8 ailə - 34 nəfər, Hadrut qəsəbəsinə 4 ailə - 15 nəfər, Şükürbəyliyə 7 ailə - 28 nəfər, Böyük Qaladərəsinə 3 ailə - 14 nəfər, Ballıcaya 2 ailə - 7 nəfər, Badaraya 2 ailə - 5 nəfər, Xanabada 2 ailə - 5 nəfər, Həsənrizə 13 ailə - 53 nəfər, Çıldırana 13 ailə - 53 nəfər, Vəngliyə isə 4 ailə - 23 nəfər köçürüləcək.