Keçmiş məcburi köçkün: “Bizi yurdumuza qaytaran Prezidentimizə can sağlığı arzulayırıq”  

Daxili siyasət
  • 18 yanvar, 2024
  • 04:30
Keçmiş məcburi köçkün: “Bizi yurdumuza qaytaran Prezidentimizə can sağlığı arzulayırıq”  

“Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya can sağlığı arzulayırıq ki, bizi yurdumuza qaytarır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə keçmiş məcburi sakin, Füzuli sakini Həqiqət Məmmədova deyib.

“Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan can sağlığı diləyirik. Arzu edirəm ki, Allah qazilərimizə ürəkləri istədikləri həyatı yaşatsın”, - H.Məmmədova bildirib.

O, qeyd edib ki, Füzulini anası, qardaşı, həyat yoldaşı və qızı ilə tərk etməli olub: “Bu illər ərzində anamı itirdim. İndi digər doğmalarımla yurdumuza geri dönürük.

Arzum budur ki, tezliklə ata yurdumu ziyarət etməkdir. Ən əsası isə atamın məzarını ziyarət edim”.

Qeyd edək ki, azad olunan ərazilərə bu ilin ilk köçü başlayıb. Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən ilk köç yenidən qurulan Füzuli şəhərinədir.

Belə ki, bu gün daha 30 ailə (127 nəfər) Füzuliyə yola salınıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Azərbaycan Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 2024-cü ildə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edəcək.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Beləliklə, Füzuli şəhərinə köçürülən ailələrin sayı 410-a (1 519 nəfərə-red) çatıb.