İri investisiya layihələrinə "10 illik maliyyə öhdəliyi pasportu" mexanizminin tətbiqi təklif olunub

Daxili siyasət
  • 13 noyabr, 2026
  • 13:26
İri investisiya layihələrinə 10 illik maliyyə öhdəliyi pasportu mexanizminin tətbiqi təklif olunub

Milli Məclisdə iri dövlət investisiya layihələrinə "10 illik maliyyə öhdəliyi pasportu" mexanizminin tətbiqi təklif olunub.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun fikrincə, iri layihələr təsdiqlənməzdən əvvəl onun yalnız tikinti dəyəri deyil, gələcək istismar xərcləri, təmir ehtiyacları və mümkün qənaət imkanları da hesablanmalıdır:

"Bəzi dəstək proqramları üçün üç və ya beş ildən bir məcburi səmərəlilik qiymətləndirilməsi aparılması məqsədəuyğundur. Proqram qarşıya qoyulan məqsədə çatırsa, davam etdirilsin, nəticələr zəifdirsə, mexanizm dəyişdirilsin. Qənaət olunan vəsait isə daha aktual ehtiyaclara yönəldilsin. Əsas məsələ dövlət vəsaitindən daha ağıllı istifadə olunmasıdır".