“Hünər” onlayn mahnı müsabiqəsi keçirilir
- 13 may, 2020
- 11:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Gənclər və İdman Nazirliyi Azərbaycanı tərənnüm edən mahnıların gənclər arasında təbliğ edilməsinin vacibliyini nəzərə alaraq, mayın 1-dən iyunun 26-dək “Hünər” onlayn vətənpərvərlik mahnıları müsabiqəsi keçirilir.
Nazirlikdən “Report”a verilən məlumata görə, müsabiqəyə qoşulmaq istəyən 14-29 yaşlı istedadlı gənclər vətənpərvərlik mövzusunda xalq, bəstəkar və estrada janrında olan mahnılar ifa etməklə (mahnılar musiqi aləti ilə də ifa edilə bilər) bacarıqlarını nümayiş etdirə biləcəklər.
İlkin mərhələdə iştirakçılar qeydiyyatdan keçməklə öz ifalarını canlı və ya minusovka şəklində videoçəkiliş etməklə (və ya audioyazı formatında) təqdim edə biləcəklər.
Münsiflər heyətinin qərarına əsasən iştirakçılar arasından seçilən 20 nəfərin yekun mərhələdə ifa edəcəyi mahnılar karantin rejiminin tələblərinə riayət edilməsi şərtilə studiya şəraitində yazdırılacaq. Nəticədə 2020-ci ilin iyun ayında keçiriləcək yekun seçim mərhələsində münsiflər heyətinin rəyi nəzərə alınmaqla qaliblər müəyyənləşəcək.
Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş ”Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.4-cü (Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi) yarımbəndinin icrasının təmin edilməsi məqsədilə həyata keçirilir.