Səfir: İndoneziya AQEM çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır
- 10 oktyabr, 2026
- 11:32
Yeniliklərdən dərhal xəbərdar olun!
İndoneziya Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır və onun fəaliyyətində daha fəal iştirak etmək imkanlarını öyrənir.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi bildirib.
Onun sözlərinə görə, dünyada gedən dinamik geosiyasi proseslər fonunda AQEM-in işində iştirak etmək İndoneziya üçün xüsusi maraq kəsb edir.
"Hazırkı şəraitdə sabitliyi möhkəmləndirmək və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək xüsusilə vacibdir. Hətta geosiyasi qeyri-müəyyənlik şəraitində belə, iqtisadi qarşılıqlı fəaliyyət və sosial-mədəni əlaqələr prioritet olaraq qalmalıdır", - diplomat qeyd edib.
O, həmçinin gənclərin inkişafının vacibliyini vurğulayıb və İndoneziyanın AQEM çərçivəsindəki əməkdaşlıq proqramlarında iştirakı üçün imkanların genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Diplomat xatırladıb ki, yaxın vaxtlarda İndoneziyanın xarici işlər nazirinin müavini Məhəmməd Anis Matta Azərbaycana səfər edəcək. Azərbaycanın xarici işlər və iqtisadiyyat nazirləri Ceyhun Bayramov və Mikayıl Cabbarovla görüşlərin vaxtının razılaşdırılması gözlənilir. Görüşlərin konkret tarixləri hələ müəyyən edilməyib.