Günay İmanzadə: "Ölkə başçısından bu mükafatı almaq qürurvericidir"
- 02 fevral, 2023
- 10:26
Yeniliklərdən dərhal xəbərdar olun!
"Ölkə başçısından bu mükafatı almaq qürurvericidir".
Bunu "Report"a açıqlamasında 2023-cü il Gənclər üçün Prezident mükafatına layiq görülmüş Günay İmanzadə deyib.
O, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müsabiqəsində ilin İKT sahibkarı seçildiyini xatırladıb: "İnnovasiya sahəsində qazandığım uğurlara və bunun nəticəsində mükafatlandırıldığıma görə özümü xoşbəxt və şanslı hiss edirəm. Biz ötən il Azərbaycanda keçirilmiş “Texnofest – 2022”nin qaliblərindən biriyik. Ötən il bizim üçün çox uğurlu oldu. Düşünürəm ki, bu il də belə mükafat almaq qürurvericidir".
Digər mükafatçı Şahin Xəlilov hisslərinin həddi-hüdudunun olmadığını söyləyib: "Təhsilimi xaricdə almışam. Ölkəyə qayıtdıqdan sonra sahibkarlıq fəaliyyətinə başladım. Uzun müddət xaricdə qalmağıma baxmayaraq, döndükdən sonra öz komandamızı yığaraq bir ofisdə işə başladıq. Lakin bir gün bizə xəbər verildi ki, bu mükafata layiq görülmüşük. Özümə qapalı insanam və biznesimi kənarda görməyə çalışıram. Başa düşdüm ki, gənclər hər zaman cənab Prezident tərəfindən izlənilir. Bizi hər zaman nəzərdə saxlayır, kömək olur və üzə çıxarırlar. Buna görə çox sevinirəm.
Hazırda komandamızın əsas məqsədi biznes və innovasiya sahəsi ilə bağlıdır. Kiçik komanda ilə ölkə üçün xeyirli ola biləcək innovativ məhsullar üzə çıxarırıq. Bu sahəyə yeni gələnlərə tövsiyə edərdim ki, heç vaxt pis olmasınlar. Başlanğıc çətindir və yol çox uzundur. Hər bir çətinliyi özünüzə növbəti addım, pilləkən kimi görün. Bu sizi uğura aparacaq. Güclü, birlik olmaq və ölkə üçün xeyirli işlər görmək lazımdır. Azərbaycanda yerləşən şirkətimiz dünyanın 5 ölkəsində tələbələrlə və müştərilərlə işləyirik. Bu da həm yerli, həm də xarici bazarda addım atmaq üçün maraqlı və kreativ sahədir".