Gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət mövzusunda panel müzakirə keçirilib

Daxili siyasət
  • 09 oktyabr, 2026
  • 11:55
Gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət mövzusunda panel müzakirə keçirilib

"Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət" mövzusunda panel müzakirə keçirilib

"Report" xəbər verir ki, "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfrans çərçivəsində təşkil olunan panel müzakirəyə gənclər və idman nazirinin müavini İndira Hacıyeva moderatorluq edib.

Paneldə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva hər bir insanın malik olduğu dəyərlərin ailədə formalaşdığını vurğulayıb.

Onun sözlərinə görə, növbəti mərhələdə məktəb amili ön plana çıxır. Sədr müavini qeyd edib ki, bu gün ailə siyasətindən danışarkən yeni model ortaya qoyulmalıdır. Ailə strategiyasına malik, öz potensialını reallaşdıran və cəmiyyətə töhfə verən institut olmalıdır. Dəyərlərin sağlam şəkildə qorunması üçün davamlı iş aparılmalıdır.

A.Sofiyeva bildirib ki, indiyədək dəyərlərlə bağlı 28 təhlil aparılıb. Həmçinin yekunda "təhlillərin təhlili" adlı sənəd hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Onun sözlərinə görə, "Ailə Konsepsiyası" adlı sənədin hazırlanması da yekunlaşmaq üzrədir.

Paneldə çıxış edən İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov isə ailənin cəmiyyətin təməli olduğunu vurğulayıb. O bildirib ki, əxlaqi dəyərlərlə bağlı ilk məlumatlar ailədə formalaşır. Uşaqlar dəyərləri canlı davranış modelləri vasitəsilə öyrənirlər.

A.Şirinov klassik və müasir ailə modellərini müqayisə edərək qeyd edib ki, klassik ailələrdə nənə, baba və digər şəxslər də iştirak edirlər. Müasir dövrdə isə nüvə ailə modeli - ata, ana və uşaqdan ibarət ailə forması üstünlük təşkil edir. Bu isə uşağın tərbiyəsində iştirak edən şəxslərin sayının azalması deməkdir.

O, həmçinin araşdırmaların çox mühafizəkar ailələrdə kifayət qədər müasir düşüncəli uşaqların yetişdiyini göstərdiyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev isə rəqəmsal platformaların həm müsbət, həm də mənfi tərəflərinin olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, rəqəmsal platformalar daha əlçatandır və insanların məlumat əldə etməsini asanlaşdırır. Bununla yanaşı, həmin platformalar zərərli meyillərin yayılmasına da şərait yaradır.

E.Mustafayev bildirib ki, gənc ailələr işlərini asanlaşdırmaq məqsədilə uşaqlara telefon verirlər. Lakin bu, düzgün yanaşma deyil. Onun fikrincə, uşaqlarla ünsiyyətə xüsusi önəm verilməlidir.+