Gəncədə “Zəfərin mübarək, Vətən!” mövzusunda tədbir keçirilib

Daxili siyasət
  • 04 noyabr, 2022
  • 13:30
Gəncədə “Zəfərin mübarək, Vətən!” mövzusunda tədbir keçirilib

Gəncə şəhərində “8 Noyabr-Zəfər Günü”nə həsr olunan “Zəfərin mübarək, Vətən!” mövzusunda tədbir keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirdə rayon rəsmiləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı qələbədən danışılıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, xalqımızın milli birliyi, ordumuzun qüdrəti ilə ədalətin bərpa edilməsindən bəhs olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qazanılan zəfər Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda formalaşdığını bir daha təsdiqləyir.

Şəhidlərin ailə üzvləri və müharibə iştirakçıları çıxışlarında Vətən müharibəsi zamanı qəhrəman şəhid övladlarının keçdiyi şərəfli döyüş yollarından bəhs edib, döyüş zamanı göstərdikləri şücaətdən danışıblar.

Onlar ölkədə şəhid ailələri və müharibə iştirakçılarına göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda rəsmilər tərəfindən 8 Noyabr-Zəfər Günü münasibətilə şəhid ailələrinə və müharibə iştirakçılarına müxtəlif hədiyyələr təqdim olunub.