FHN Sumqayıtda Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilən tədbir keçirib

Daxili siyasət
  • 05 may, 2026
  • 12:32
FHN Sumqayıtda Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilən tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev xatirələrdə" adlı tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin, Sumqayıt Regional Mərkəzinin və FHN-in regionda fəaliyyət göstərən digər qurumlarının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə veloyürüş keçirilib. Heydər Əliyev Mərkəzinin qarşısından start götürən veloyürüş FHN Sumqayıt Regional Mərkəzinin önündə başa çatıb.

Sonra tədbir iştirakçıları Mərkəzin inzibati binasında Ümummilli Liderin büstünün önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad edib, Ulu Öndərin zəngin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olublar.

Tədbirdə çıxış edən FHN Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev, nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev və digər natiqlər Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətlərindən, eyni zamanda onun zəngin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən söz açıblar. Bildirilib ki, Ümummilli Liderin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün ölkə beynəlxalq birliyin nüfuzlu üzvlərindən biri hesab olunur.

Sonra mərasim bədii hissə ilə davam etdirilib.

Daha sonra tədbir iştirakçıları FHN-in Sumqayıt Regional Mərkəzi və digər yerli qurumlarının xüsusi texnika və avadanlıqlarına baxış keçiriblər.

Tədbir çərçivəsində Sumqayıt məktəbliləri arasında viktorina təşkil edilib, qaliblərə fəxri fərmanlar təqdim olunub.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgiyə də baxış keçirilib.

Sonda tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə Mərkəzin ərazisində 103 ədəd ağac, habelə müxtəlif gül kolları və dekorativ bitkilər əkilib, eyni zamanda güllərdən ibarət 103 rəqəmini əks etdirən kompozisiya yaradılıb.

Mərasim Ulu Öndərin 103 illiyi şərəfinə 103 ədəd helium şarının havaya buraxılması ilə yekunlaşıb.