Fərhad Quliyev: Azad olunmuş ərazilərdə mədəni irsə qarşı törədilmiş vandalizm faktları sənədləşdirilir

Daxili siyasət
  • 30 iyun, 2026
  • 11:46
Fərhad Quliyev: Azad olunmuş ərazilərdə mədəni irsə qarşı törədilmiş vandalizm faktları sənədləşdirilir

Azad olunmuş ərazilərdə tarixi və mədəni irsə qarşı törədilmiş vandalizm faktları sənədləşdirilir.

"Report" xəbər verir ki, bunu Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, gənc mütəxəssislər fiziki-antropoloji araşdırmalar həyata keçirir və elmi tədqiqatlarda iştirak edirlər:

"Bu araşdırmalar, əsasən, qəbir abidələri və nekropollar üzərində aparılır. Uzun illər ərzində əldə edə bilmədiyimiz məlumatların üzə çıxarılması baxımından bu tədqiqatlar mühüm nəticələr verib. Ermənilər tərəfindən təkcə yaşayış məntəqələri deyil, tarixi və mədəni irsimiz də məqsədli şəkildə məhv edilib. Tarix boyu məlum olan acı həqiqətlərdən biri odur ki, hər hansı ərazi işğal edildikdə, həmin xalqın mənəvi dəyərlərini sarsıtmaq məqsədilə ilk növbədə qəbiristanlıqlar, tarixi və dini abidələr dağıdılır".

Direktorun sözlərinə görə, tədqiatların gedişində Qarabağ xanlığı dövrünə aid qəbiristanlıqların və nekropolların məhv edilməsi faktları ilə üzləşiblar:

"İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən institutumuz tarixi və mədəni irsə qarşı törədilmiş bütün dağıntıları və vandalizm faktlarını sənədləşdirir. Qəbiristanlıqların, türbələrin və digər tarixi abidələrin dağıdılması, qəbirlərə müdaxilə olunması və onların açılması işğal dövründə xalqımıza və ölkəmizə qarşı törədilmiş ağır cinayətlərin tərkib hissəsidir".

F.Quliyev arxeoloji və elmi tədqiqatların bu faktların qeydə alınmasına, eləcə də dağıdılmış və müdaxilə olunmuş qəbir abidələrinin bərpası üçün zəruri elmi əsasların hazırlanmasına xidmət etdiyini vurğulayıb:

"Dövlət başçısının müəyyən etdiyi siyasətə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irsin qorunması, öyrənilməsi və bərpası istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir".