Edvard Rou: Stirling Fondu ermənipərəst senatorların Azərbaycan əleyhinə üç qətnaməsinin qəbulunu əngəlləyib

Daxili siyasət
  • 17 fevral, 2025
  • 13:24
Edvard Rou: Stirling Fondu ermənipərəst senatorların Azərbaycan əleyhinə üç qətnaməsinin qəbulunu əngəlləyib

Bəzi ermənipərəst senatorların Azərbaycanın Qarabağda guya etnik təmizləmə aparması, erməni dini abidələrini dağıtması barədə ABŞ Senatına təqdim etdiyi üç qətnamə layihəsi Stirling Fondunun səyi nəticəsində qəbul olunmayıb.

"Report" xəbər verir ki, bunu ABŞ-nin Stirling Fondunun İcraçı direktoru Edvard Rou Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə deyib.

O, Paşazadənin beynəlxalq müstəvidə dinlər və mədəniyyətlər arasında dialoqun inkişafı sahəsində çox mühüm işlər gördüyünü bildirib.

Edvard Rou Azərbaycandakı multikulturalizm və tolerantlıq mühitini yüksək dəyərləndirib.

QMİ sədri isə rəhbərlik etdiyi dini mərkəzlə Stirling Fondu arasında münasibətlərin, birgə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, əlaqələrin davamlı olmasının vacibliyini diqqətə çatdırıb, Fondun rəhbərliyinə salam-dualarını çatdırmağı xahiş edib.

Özbəkistanda fondun həyata keçirdiyi müxtəlif humanitar layihələr barəsində məlumat verən icraçı direktor qeyd edib ki, gələcəkdə Daşkənddə Şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyətinə həsr edilən beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.

Edvard Rou Stirling Fondunun illik toplantısında fəxri qonaq kimi iştirak etmək üçün Şeyxülislam A. Paşazadəni növbəti dəfə ABŞ-ın Yuta ştatına dəvət edib.

Qonaq QMİ-nin Bakıda yeni fəaliyyətə başlayan “Toleranlıq evi”nə eksponat hədiyyə edib, səfəri zamanı dünyada analoqu olmayan belə bir məkanı böyük maraqla ziyarət edəcəyini deyib.