Daxili Qoşunların Hərbi İnstitutunda "Zəfər tarixi" elmi-nəzəri konfransı keçirilib
- 06 noyabr, 2025
- 19:20
8 Noyabr – Zəfər Günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi İnstitutunda "Zəfər tarixi" adlı respublika elmi-nəzəri konfrans keçirilib.
"Report" xəbər verir ki, konfransda dövlət və ali təhsil müəssisələrinin nümayəndələri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, Vətən müharibəsinin qəhrəmanları və iştirakçıları, həmçinin şəhid ailələrinin nümayəndələri qonaq qismində iştirak ediblər.
Hərbi İnstitutun rektoru, general-mayor Elçin Məmmədov Zəfər Gününün tarixi əhəmiyyətini vurğulayaraq gənc nəslin dövlətçilik ideyalarına sadiq və vətənpərvər ruhda tərbiyə almasının önəmini nəzərə çatdırıb.
Məruzələrdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik məktəbinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsinin Şanlı Zəfərin əsas dayağı olduğu xüsusi vurğulanıb.
Çıxışlarda Vətən müharibəsinin hərbi-siyasi nəticələri, post-müharibə dövründə təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və milli birliyin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Bildirilib ki, Zəfər yalnız hərbi qələbə deyil, həm də xalqın iradəsinin, dövlətin strateji gücünün və milli həmrəyliyin təntənəsidir.