Daşkəsən və Şəmkirdə Gənclər Günü ilə bağlı bayram tədbirləri keçirilib
- 02 fevral, 2022
- 21:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəmkir və Daşkəsən rayonlarında da Gənclər günü münasibəti ilə tədbir keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən Mədəniyyət Mərkəzində 2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə Daşkəsən rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin və Mədəniyyət Mərkəzinin nümayəndələri, rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə rayon mərkəzində ucaldılan ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül-çiçək dəstələri qoyulub. Daha sonra tədbir iştirakçıları Daşkəsən Şəhidlər Xiyabanını ziyarət ediblər.
Daşkəsən rayon Mədəniyyət Mərkəzində davam edən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən, rayonda gənclərin inkişafı üçün yaradılan münbit şəraitdən, qazanılmış uğurlarda və qarşıda duran vəzifələrdən söz açıb, 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi zəfərdə gənclərin müstəsna xidmətləri olduğu vurğulayıblar.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, qazi və digər sahələrdə yüksək nailiyyətlər əldə etmiş gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.Tədbir musiqi kompozisiyası ilə başa çatıb.
Gənclər günü Şəmkir rayonunda da qeyd olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Şəmkir Heydər Əliyev Mərkəzində rayonun fəal gəncləri ilə görüş keçirib. Gənclər Günü münasibətilə bütün Şəmkir gəncliyini təbrik edən icra başçısı çıxış edərək bildirib ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur.
İcra başçısı gəncləri Vətənə, dövlətə və xalqa bağlı layiqli mütəxəssis kimi yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verib.
Görüşün sonunda gənclərə rayonun ictimai-siyasi, mədəni həyatında fəal iştiraklarına görə diplomlar təqdim olunub.