Bərdədə Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd olunub - FOTO

Daxili siyasət
  • 28 mart, 2019
  • 11:12
Bərdədə Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd olunub - FOTO

Bərdə rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən sənədlər və fotoşəkillərlə tanış olublar.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövrdəki fəaliyyətindən bəhs edən “Tarixin bir günü və ya bir günün tarixi” adlı sənədli film nümayiş etdirilib.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivini yubiley münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkədə sabitliyin bərqərar olmasında Dövlət Təhlükəsizliyi Xidmətinin rolu əvəzedilməzdir. Diqqətə çatdırılıb ki, ötən əsrin ortalarından başlayaraq təhlükəsizlik orqanlarında Vətənə, dövlətə və xalqa əsl sədaqət ideyalarını formalaşdıran Heydər Əliyev ənənələri bu gün də yaşadılır, Prezident İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir. Bu gün Azərbaycan sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində dinamik inkişaf edir. Bütün bu uğurlar ölkədə bərqərar olmuş ictimai-siyasi və sosial-iqtisadi sabitlikdən irəli gəlir. 

Dövlət təhlükəsizlik xidmətinin Bərdə rayon şöbəsinin rəisi polkovnik Məzahir Xəlilov çıxış edərək, Azərbaycan təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələlərindən və keçdiyi şərəfli yoldan söhbət açıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti təkmilləşdirilib, kadr potensialı milliləşdirilib.

Vurğulanıb ki, xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanmasında və qarşısının alınmasında, beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirirlər.

Sonda Dövlət Təhlükəsizliyi Xidməti rayon şöbəsinin bir qrup əməkdaşına Bərdə Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və hədiyyələr verilib.