Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib
- 23 iyun, 2026
- 15:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Baş Prokurorluqda iyunun 23-də dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, tədbirdə Baş Prokurorluğun rəhbərliyi, prokurorluq orqanlarının struktur qurumlarında çalışan və veteran dövlət qulluqçuları iştirak ediblər.
Tədbirdə çıxış edən Baş prokurorun birinci müavini Elçin Məmmədov iştirakçıları peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, günün əhəmiyyətindən bəhs edib. Daha sonra çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov qeyd edib ki, prokurorluq orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirərək qurumun səmərəli fəaliyyətinin təmin edilməsinə, cinayətkarlığa qarşı mübarizəyə, insan hüquq və azadlıqlarının qorunmasına, sənəd dövriyyəsinin təşkilinə, insan resurslarının idarə olunmasına, maliyyə, informasiya texnologiyaları və digər istiqamətlər üzrə işlərin operativ və keyfiyyətli həyata keçirilməsinə mühüm töhfələr verirlər.
Qeyd olunub ki, ölkədə dövlət qulluqçularının sayı 27 min nəfərdir və onların 31,4 faizini qadınlar təşkil edir. Prokurorluq orqanlarında isə 624 nəfər dövlət qulluqçusu fəaliyyət göstərir ki, onların da 39,4 faizi qadınlardır.
Tədbirdə çıxış edən dövlət qulluqçuları və veteranlar peşə fəaliyyətləri üçün yaradılan əlverişli şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.