Baş Prokurorluq Şəkidə regional konfrans keçirib

Daxili siyasət
  • 17 iyun, 2022
  • 10:23
Baş Prokurorluq Şəkidə regional konfrans keçirib

Şəki şəhərində 15 iyun Milli Qurtuluş Günü ərəfəsində "Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi" adlı konfrans keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir çərçivəsində media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Şəki rayon prokurorluğunun inzibati binasına press-tur təşkil olunub. İnzibati binanın infrastrukturu barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olub.

Konfransda Mingəçevir şəhər, Ağdaş, Balakən, Oğuz, Qəbələ, Qax, Şəki, Yevlax və Zaqatala rayon və hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşları, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə açılış nitqi ilə çıxış edən Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov fenomenal şəxsiyyət, dahi lider Heydər Əliyevin qətiyyətli mübarizəsi nəticəsində Azərbaycanın müstəqilliyini əldə olunmasından sonra ölkədə aparılan hərtərəfli məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluq orqanlarının mahiyyət və struktur baxımından yenidən qurulmasını, yüksək nəzəri biliyə və peşəkarlığa malik kadrlarla komplektləşdirilməsini, fəaliyyətin beynəlxalq standartlara uyğun formalaşdırılmaqla müasir dövlət təsisatına çevrilməsini diqqətə çatdırıb.

Konfrans zamanı çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mötəbər tədbirin Şəki şəhərində təşkil edilməsindən məmnunluğunu ifadə edərək ölkəmizdə ictimai-siyasi sabitliyə məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra nail olunduğunu, Ulu öndərin bu müdrik addımının ölkədə sosial-iqtisadi və siyasi inkişafın əldə olunmasında, dövlətimizin möhkəmlənməsində və Azərbaycan dövlətçiliyinə yönəlmiş qəsdlərin qarşısını almasında böyük rol oynadığını diqqətə çatdırıb.

Konfrans zamanı, həmçinin, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini Günay Əyyubova, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev və Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev konfransın işinə mühüm töhfələr verən çıxışlar edib.

Tədbir iştirakçıları Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin ideya müəllifliyi əsasında ərsəyə gəlmiş ümummilli liderin xatirəsinə həsr olunmuş “Qanun naminə-Heydər Əliyev salnaməsi” adlı sənədli filminə baxıb.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.