Azərbaycançılıq məfkurəsi ölkənin uğurlarının təməlində duran fəlsəfədir - Rəy
- 12 noyabr, 2026
- 15:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycançılıq məfkurəsi ölkənin uğurlarının, ictimai-siyasi sabitliyinin və davamlı inkişafının təməlində duran fəlsəfədir.
Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərkən səsləndirdiyi fikirləri şərh edərkən söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərkən səsləndirdiyi fikirlər təkcə hərbi-siyasi qələbənin deyil, həm də xalqın ideoloji və mənəvi bütövlüyünün dərin hüquqi-siyasi təhlilini ehtiva edir:
Deputat deyib ki, dövlət başçısının çıxışında xüsusi diqqət çəkən "Milli-mənəvi dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür" tezisi məhz bu əzmin nümayişi olmaqla, həm də cəmiyyətin mənəvi immunitetinin əsas göstəricisidir:
"Bu dəyərlər sisteminin mərkəzində dayanan azərbaycançılıq məfkurəsi ölkəmizin bütün uğurlarının, ictimai-siyasi sabitliyinin və davamlı inkişafının təməlində duran fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı etnik və dini mənsubiyyətindən asılı olmayaraq vahid dövlətçilik ideyası ətrafında birləşdirən, hər bir fərdin ürəyində Vətənə sevgi və sədaqət duyğularını gücləndirən ali milli ideologiyadır. Azərbaycan cəmiyyətinin sarsılmaz sütunlarından biri olan tolerantlıq və multikulturalizm mühiti bu fəlsəfənin real həyatdakı təzahürüdür. Ölkəmizdə yaşayan bütün etnik qruplar və müxtəlif dinlərin nümayəndələri əsrlər boyu olduğu kimi, bu gün də əsl ailə kimi, sülh, qarşılıqlı hörmət və qardaşlıq şəraitində yaşayırlar. Daha aydın dillə desək, hüquqi və demokratik dəyərlərə söykənən cəmiyyətimizdə hər hansı milli və ya dini ayrı-seçkiliyə nəinki qətiyyən yer yoxdur, əksinə vətəndaşlıq həmrəyliyi və ümumi Vətən sevgisi hər kəsi vahid amal ətrafında sıx birləşdirir".
Bəhruz Məhərrəmovun sözlərinə görə, Azərbaycanın bu gün əldə etdiyi bu formatın, nailiyyət və sarsılmaz dövlətçilik ənənələrinin təməlində isə Ümummilli Lider Heydər Əliyevin ideya-siyasi xətti və bu kursun müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir dövrün qlobal çağırışlarına uyğun olaraq uğurla davam etdirilməsi dayanır"
"Məlumdur ki, Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 90-cı illərində ölkədə xaosun, anarxiyanın və dərin böhranların hökm sürdüyü bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq müasir Azərbaycan dövlətçiliyinin hüquqi-siyasi əsaslarını yaratdı, müstəqilliyimizin əbədiliyini təmin etdi və məhz azərbaycançılıq məfkurəsini dövlət siyasətinin əsas ideoloji sütununa çevirdi. Onun uzaqgörən strategiyası sayəsində ölkədə güclü iqtisadi və siyasi təməllər formalaşdırıldı. Prezident İlham Əliyevin isə məhz azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərə söykənən qətiyyətli addımları ölkəmizi regionun şəriksiz lider dövlətinə və qlobal miqyasda söz sahibinə çevirdi. Məhz güclü ordu quruculuğu, dayanıqlı iqtisadiyyat, müstəqil xarici siyasət və xalq-iqtidar birliyi nəticəsində 30 illik işğala son qoyuldu".
O, əlavə edib ki, bu gün Azərbaycan xalqı özünün ən şanlı, ləyaqətli və qürurlu dövrünü yaşayır:
"Xankəndidə ucalan Zəfər tağı və işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı "Böyük Qayıdış" Proqramı qurub-yaradan xalqımızın məhz öz doğma yurduna əbədi dönüşünün və dövlətimizin iqtisadi qüdrətinin əyani sübutudur. Cəmiyyətimizdə hökm sürən yüksək həmrəylik mühiti və milli ideya kimi yaşatdığımız azərbaycançılıq məfkurəsi isə suveren Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan sarsılmaz gücünü təmin edən amil kimi çıxış etməkdədir".