Azərbaycan və Qazaxıstan Baş nazirləri AZAL təyyarəsinin qəzasının ildönümündə bir-birilərinə başsağlığı veriblər

Daxili siyasət
  • 25 dekabr, 2025
  • 13:37
Azərbaycan və Qazaxıstan Baş nazirləri AZAL təyyarəsinin qəzasının ildönümündə bir-birilərinə başsağlığı veriblər

Azərbaycanın Baş naziri Əli Əsədov və Qazaxıstanın Baş naziri Oljas Bektenov "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı bir-birilərinə başsağlığı veriblər.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Baş tutmuş telefon təması zamanı Ə.Əsədov həmin faciəvi günlərdə hərtərəfli dəstəyə görə qardaş Qazaxıstanın hökumətinə və xalqına təşəkkürünü bildirib.

Hökumət başçıları bir-birilərinə, həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına, həmçinin hər iki ölkənin xalqına başsağlıqlarını ifadə ediblər.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

İlkin araşdırmanın nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb.

Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Qəzada kapitan İgor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva həlak olub. Digər iki bələdçi Zülfüqar Əsədov və Aydan Rəhimli sağ qalıb.

44 filmi