Anar Məmmədxanovun xatirəsinə həsr olunan "Anarsız 15 il" adlı tədbir keçirilib

Daxili siyasət
  • 21 aprel, 2026
  • 14:52
Anar Məmmədxanovun xatirəsinə həsr olunan Anarsız 15 il adlı tədbir keçirilib

Bakı Kitab Mərkəzində Bakı Şən və Hazırcavablar Klubunun (ŞHK) prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanovun vəfatının 15-ci ildönümü münasibətilə "Özünə sadiq ömür: Anarsız 15 il" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirin məqsədi A.Məmmədxanovun həyat yolunu, yaradıcılıq irsini, Azərbaycan gəncliyinə, yumor mədəniyyətinə və ictimai həyata verdiyi töhfələri bir daha xatırlatmaq və bu irsi gələcək nəsillərə çatdırmaqdır.

Tədbirdə ictimai xadimlər, media nümayəndələri, mədəniyyət və incəsənət sahəsinin tanınmış simaları, eləcə də A.Məmmədxanovu yaxından tanıyan şəxslər iştirak ediblər.

Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov A.Məmmədxanovla bağlı xatirələrini bölüşərək onunla dostluğundan, birgə fəaliyyətlərindən və sənətə baxışlarından bəhs edib.

Daha sonra mərhumun xanımı İradə Məmmədxanova çıxış edərək onun həyat və ailə dəyərləri haqqında fikirlərini bölüşüb.

Ardınca Xalq yazıçısı Elmira Axundova çıxış edərək A.Məmmədxanovun həyatına həsr etdiyi "Kapitanın taleyi" əsəri barədə məlumat verib. Qeyd edib ki, kitab Azərbaycan dilinə tərcümə edilib.

Milli Məclisin deputatı Səməd Seyidov çıxışı zamanı A.Məmmədxanovun vətən sevgisindən, intellektindən və təşkilatçılıq bacarıqlarından bəhs edərək onun ictimai həyatda oynadığı rolu xüsusi vurğulayıb.

Tədbirdə çıxış edənlər arasında A.Məmmədxanovun oğlu İslam Məmmədxanov da yer alıb. O, çıxışı zamanı atasının artıq baba olduğunu qeyd edərək bu xəbərin ailə üçün xüsusi məna daşıdığını bildirib. Eyni zamanda, atasının vətənə bağlılığından danışaraq Azərbaycanın bayrağını daim uca tutmağın vacibliyini vurğulayıb.

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə və deputat Asim Mollazadə də çıxış edərək ictimai xadimin zəngin irsindən və cəmiyyət üçün gördüyü işlərdən bəhs ediblər.

Sözügedən kitabın tərcüməçisi Rəbiqə Nazimqızı çıxışı zamanı A.Məmmədxanovun əzmkarlığından danışıb.

Tədbir çərçivəsində Anar Məmmədxanova həsr olunmuş film də nümayiş olunub.

Sonda çıxış edən incəsənət nümayəndələri onun haqqında xatirələrini bölüşərək Azərbaycan mədəniyyətindəki əvəzsiz rolunu bir daha vurğulayıblar.