COP29 dünyaya göstərdi ki, ədalətli, dayanıqlı və inklüziv iqlim gələcəyi Bakıdan başlayır - RƏY
- 10 noyabr, 2025
- 13:43
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Tərəflər Konfransı dünyaya ədalətli, dayanıqlı və inklüziv iqlim gələcəyinin Bakıdan başladığını göstərib.
Bunu "Report"a Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim diplomatiyası tarixində dönüş nöqtəsi kimi yadda qalıb:
"Müqayisə üçün başlıca olaraq, konfransa hazırlıq üçün verilən vaxtı demək olar ki, Azərbaycanın bu tədbirə hazırlaşmaq üçün cəmi 10 ay vaxtı vardı və bütün hazırlıqlar yüksək səviyyədə təşkil olundu, uğurlu COP baş tutdu. Braziliyada COP30-a hazırlıq üçün 2 il vaxtı olub. Azərbaycan bu prosesdə yalnız ev sahibi deyil, həm də qlobal iqlim ədalətinin təminatçısı rolunu üzərinə götürdü. COP29, həm də Azərbaycan Prezidenti tərəfindən aparılan diplomatik səylərin nəticəsində inkişaf etməkdə olan ölkələrin maraqlarını qoruyan və onların maliyyə dayanıqlığını təmin edən konkret mexanizmlərin formalaşdırılması ilə fərqləndi. COP29-un ən mühüm nailiyyəti kimi qiymətləndirilən Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) - yaxud "Baku Breakthrough", qlobal iqlim maliyyəsində tarixi dönüş yaratdı. Bununla əvvəlki iqlim maliyyəsi hədəfləri üç dəfə artırılaraq, bütün dövrlərin ən böyük maliyyə öhdəliyini ortaya qoydu".
Yeni məqsədə əsasən, inkişaf etmiş ölkələr tərəfindən 2035-ci ilə qədər hər il ən azı 300 milyard ABŞ dolları məbləğində vəsait inkişaf etməkdə olan ölkələrə yönəldiləcək. Bununla yanaşı, Bakı Maliyyə Məqsədi bütün aktorları birgə fəaliyyətə çağıraraq 2035-ci ilə qədər ümumi iqlim maliyyəsini illik 1,3 trilyon dollara qədər artırmaq məqsədini ortaya qoydu".
O xatırladıb ki, Azərbaycan və Braziliya arasında imzalanan "Bakıdan Belemə Yol Xəritəsi" bu istiqamətdə konkret addımların müəyyən edilməsini təmin edib və COP29-un qəbul etdiyi mandat çərçivəsində iki ölkə COP30-dək birgə əməkdaşlıq edib:
"Bundan əlavə, COP29 zamanı çox tərəfli inkişaf bankları da iqlim fəaliyyəti üzrə illik 170 milyard dollarlıq vədi verdilər ki, bunun 130 milyardı inkişaf etməkdə olan ölkələrə yönəldiləcək. Bu qərar iqlim maliyyəsinin praktiki şəkildə səfərbər edilməsində əhəmiyyətli irəliləyiş kimi qiymətləndirilir. Paris Sazişinin 6-cı Maddəsi üzrə karbon bazarlarının çoxdan gözlənilən çərçivəsini yekunlaşdırmağa nail olduq və bununla da Paris Qaydalar Toplusu (Paris Rulebook) tam formalaşaraq, sazişin qəbulundan 10 il sonra tam əməli mərhələyə keçidini təmin etdik. Bu bazarlar milli iqlim planlarının icra xərclərini illik 250 milyard dollaradək azalda bilər.
2050-ci ilə qədər isə illik 1 trilyon dollara qədər dəyərə çatmaq potensialına malikdir və inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinə əlavə resurs axını yaradacaq. Azərbaycan COP29-un hazırlıq mərhələsindən etibarən mitiqasiya məsələsini mərkəzi mövzu kimi müəyyən etdi. Müzakirələr zamanı bəzən fikir ayrılıqları olsa da, Azərbaycan tərəfi Mitigation Work Programme və Response Measures üzrə mühüm irəliləyişlərə nail oldu".
Pərvanə Vəliyevanın sözlərinə görə, COP29 Prezidentliyi, həmçinin enerji keçidini dəstəkləmək məqsədilə öz təşəbbüslərini irəli sürüb:
"Bu təşəbbüslər qlobal bərpa olunan enerji gücünün üç dəfə artırılmasını, enerji səmərəliliyinin ikiqat artırılmasını, metan emissiyalarının azaldılmasını və karbonsuz enerji sistemlərinə keçidi hədəfləyir. Adaptasiya məsələləri uzun illər diqqətdən kənarda qalsa da, COP29 bu sahədə qlobal səviyyədə dönüş yaratdı. Bakıda keçirilən konfransda Bakı Adaptasiya Yol Xəritəsi təqdim olundu. Bu sənəd Paris Sazişi çərçivəsində Qlobal Adaptasiya Məqsədinə nail olmaq üçün konkret addımları müəyyənləşdirir və UNFCCC-nin institusional dəstək mexanizmlərini gücləndirir. Həmçinin, Bakı Yüksək Səviyyəli Adaptasiya Dialoqu təsis edildi və hər il keçiriləcək bu platforma Qlobal İqlim Davamlılığı üzrə BƏƏ Çərçivəsini dəstəkləməyə yönəlib.
Azərbaycan, itkilər və zərərin ödənilməsi üzrə fondun operativ fəaliyyətə başlaması üçün mühüm addımlar atdı. 2024-cü ilin sentyabrında Bakıda fondun İdarə Heyətinin tarixi iclası keçirildi və iclas zamanı İcraçı Direktor seçildi, həmçinin Dünya Bankı ilə sazişlər təsdiqləndi. COP29 zamanı fondun tam fəaliyyətə başlamasını təmin edən sənədlər imzalandı".