Bakıdakı COP strateji başlanğıc nöqtəsi, COP30 isə praktik davam mərhələsidir - RƏY

COP29
  • 10 noyabr, 2025
  • 15:17
Bakıdakı COP strateji başlanğıc nöqtəsi, COP30 isə praktik davam mərhələsidir - RƏY

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Tərəflər Konfransı (COP29) qərarların qəbul olunduğu yer, hazırda Braziliyanın Belen şəhərində baş tutan COP30 isə bu qərarların gerçəkləşdiyi məkandır.

Bu sözləri "Report"a açıqlamasında COP29 Təşkilat Komitəsinin üzvü, "Qadın, İnkişaf, Gələcək" İctimai Birliyinin sədri Gülşən Axundova deyib.

Onun sözlərinə görə, Bakıda COP29-un keçirilməsi ilə bağlı qərar qəbul olunduqda bir çox beynəlxalq müşahidəçilər və ekspertlər bu hadisəni keçici mərhələ kimi qiymətləndiriblər:

"Onların fikrincə, COP29 daha çox COP30-un hazırlıq mərhələsi rolunu oynayacaq və əsas qərarlar məhz Braziliyada qəbul ediləcəkdi. Lakin bu proqnozlar özünü doğrultmadı. Əksinə, COP29 zamanı qəbul olunan qərarlar, xüsusilə də Zərər və İtki Fondunun (Loss and Damage Fund) faktiki əməliyyat mərhələsinə keçməsi və maliyyə strukturlarının formalaşdırılması, qlobal iqlim diplomatiyasında dönüş nöqtəsi hesab oluna bilər".

Ekspert qeyd edib ki, Bakıda keçirilən COP29 inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında etimadın bərpası baxımından mühüm siyasi platforma olub:

"Azərbaycan bu konfransda həm ev sahibi, həm də vasitəçi kimi çıxış edərək, Şimal-Cənub, eləcə də Qərb-Şərq istiqamətində yeni iqlim diplomatiyası körpüləri qurdu. COP29-un əsas nəticələrindən biri - Zərər və İtki Fondunun fəaliyyətə başlaması idi. Bu fond uzun illərdir müzakirə olunan, lakin konkret mexanizmləri formalaşdırılmamış bir məsələ idi. Bakı konfransında bu fondun idarəetmə strukturu, donor ölkələrin ilkin öhdəlikləri və zərərçəkən ölkələrin maliyyə yardımlarına çıxış mexanizmləri təsdiqləndi. COP29-da iqlim maliyyəsinin yeni mərhələsi kimi "post-2025 maliyyə hədəfləri" müzakirəyə çıxarıldı. Bu, 100 milyard dollar hədəfinin artıq köhnəldiyini və qlobal miqyasda daha geniş, sistemli maliyyə çərçivəsinə ehtiyac olduğunu göstərdi. Azərbaycan burada balanslı mövqe nümayiş etdirərək, həm inkişaf etmiş ölkələrin məsuliyyətini, həm də inkişaf etməkdə olan ölkələrin iqlim öhdəliklərinə qoşulmasının vacibliyini vurğuladı".

O vurğulayıb ki, Bakı diplomatik və institusional əsasların qoyulduğu bir mərhələ idisə, Belen konfransı bu qərarların reallaşdığı, yəni konkret nəticələrin ölçüldüyü mərhələ olacaq:

"COP30-da əsas diqqət maliyyə axınlarının şəffaflığına, fondların regionlar üzrə paylanmasına və ədalətli keçid prinsiplərinin həyata keçirilməsinə yönələcək. Müqayisəli yanaşma ilə desək, COP29 strateji başlanğıc nöqtəsi, COP30 isə praktik davam mərhələsidir. Bakı konfransının nəticələri olmasaydı, Belemddə konkret addımlar atmaq mümkün olmazdı. Azərbaycan COP29 vasitəsilə həm beynəlxalq imicini gücləndirdi, həm də qlobal iqlim proseslərinə yeni dinamika gətirdi. COP29 keçib gedici olmadı, əksinə, qlobal iqlim maliyyəsinin siyasi legitimliyini təmin edən dönüş nöqtəsi kimi tarixə düşdü".

Komitə üzvü Bakının qərarların qəbul olunduğu yer, Beleni isə onların gerçəkləşdiyi məkan kimi qiymətləndirib:

"Bu iki konfrans bir-birini tamamlayır və qlobal iqlim prosesində "Bakı–Belen xətti" artıq iqlim diplomatiyasında yeni mərhələnin simvoluna çevrilməkdədir".

Son xəbərlər

Bütün Xəbər Lenti