Bakıda iqlim qanunvericiliyi və institutlarının gücləndirilməsi müzakirə olunub
- 30 sentyabr, 2025
- 09:29

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "İqlim qanunvericiliyi və institutlarının gücləndirilməsi üzrə yüksək səviyyəli parlament dəyirmi masa"sı keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin deputatları, ekspertlər, özəl sektorun nümayəndələri iştirak ediblər.
Dəyirmi masada güclü karbon bazarlarının necə qurulması və ədalətli, dayanıqlı sıfır emissiyaya keçid üçün müvafiq mühitin yaradılaması ətrafında müzakirələr aparılıb.
Tədbirdə Qlobal Qanunvericilər Təşkilatının (GLOBE) "6-cı maddə və karbon bazarları üzrə parlament bələdçisi"nin Azərbaycan dilində nəşrinin təqdimatı da olub. Bu nəşr COP30 zamanı Braziliyanın Belem şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Paris sazişinin 6-cı maddəsi üzrə dialoquna hazırlıq məqsədi daşıyır.
Müzakirələr zamanı iqlim qanunvericiliyi sahəsində təcrübələr təqdim olunub, müstəqil məsləhətçi şuraların rolu araşdırılıb və milli iqlim planlarının həyata keçirilməsində özəl sektorun artan rolu vurğulanıb.
Vurğulanıb ki, qlobal orta temperaturun cari trendlərlə hələ də artacağı proqnozlaşdırıldığı bir zamanda qanunvericilik fəaliyyəti, hökumətə nəzarət və ictimai konsensusun səfərbər edilməsindəki rolu vacibdir.