Bahar Muradova: Kəndlərdə qadınların "yaşıl sahibkarlıq" təşəbbüslərinə çıxışları yaxşılaşdırılmalıdır
- 01 oktyabr, 2025
- 17:09

Kənd yerlərində qadınların "yaşıl sahibkarlıq" təşəbbüslərinə çıxışları yaxşılaşdırılmalıdır.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iqlim dəyişmələrindən ən çox qadın və uşaqlar əziyyət çəkir:
"İqlim dəyişmələri səbəbindən 80 faiz qadın və uşaq evlərini tərk edib. Buna baxmayaraq, yenə də iqlim dəyişmələri ilə ən çox mübarizə aparmağa can atanlar da qadınlardır".
B.Muradova bildirib ki, son beş ildə minlərlə qadın maliyyə savadlılığına, məşğulluğa cəlb olunub:
"Qadınların liderliyini artırmaq və gender bərabərsizliyini aradan qaldırmaq üçün gələcəkdə də bir sıra addımlar atılmalıdır. İlk növbədə qadınların iqlim siyasəti üzrə qərar qəbul etmə səviyyəsində iştirakını gücləndirmək lazımdır. Daha sonra kənd yerlərində qadınların "yaşıl sahibkarlıq" təşəbbüslərinə çıxışları yaxşılaşdırılmalıdır. Uşaqlar üçün də maarifləndirmə tədbirləri gücləndirilməlidir".