Yusif Abdullayev: "TDT ölkələri çoxtərəfli platformalardan fəal istifadə etməlidir"
- 25 sentyabr, 2026
- 17:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan daxil olmaqla, Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri investisiyaların cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi üçün mövcud çoxtərəfli platformalardan daha fəal istifadə etməlidir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
Onun sözlərinə görə, ölkələr arasında investisiyalar uğrunda rəqabətə baxmayaraq, investisiya agentlikləri bundan birgə layihələri stimullaşdırmaq üçün istifadə etməlidirlər: "Bəzi hallarda biz rəqibik. Lakin düşünürəm ki, layihələri birlikdə həyata keçirməyə, ikitərəfli və çoxtərəfli platformalarımızdan istifadə etməyə stimullaşdıracaq şəkildə rəqabət aparmalıyıq".
Y.Abdullayev, bu kontekstdə TDT-nin əhəmiyyətini qeyd edərək, onun imkanlarından daha fəal istifadə edilməsinin zəruriliyini vurğulayıb.
O əlavə edib ki, təşkilat ölkələri arasında investisiyaların cəlb edilməsi və ticarətin inkişafı sahəsində münasibətlər yüksək səviyyədədir, liderlər tərəfindən qarşıya qoyulan məqsədlər isə ticarət və investisiya həcmlərinin daha da artırılmasını nəzərdə tutur.