Yerli istehsalın təşviqi üçün yeni mexanizm: ixrac dəstəyinin əhatə dairəsi müəyyən edilir

Biznes
  • 20 noyabr, 2026
  • 14:35
Yerli istehsalın təşviqi üçün yeni mexanizm: ixrac dəstəyinin əhatə dairəsi müəyyən edilir

Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafı ÜDM-in strukturunda getdikcə daha aydın şəkildə əks olunur. Son illərdə qeyri-neft-qaz sektorunun iqtisadiyyatda rolunun güclənməsi, bu sahədə yaradılan əlavə dəyərin və istehsal həcminin artması iqtisadi artımın əsas hərəkətverici istiqamətlərindən birinə çevrilir. Belə ki, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 115,9 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bunun da 80,7 milyard manatı qeyri-neft-qaz ÜDM-inin payına düşüb. Son illərdə olduğu kimi, cari ilin 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub, sektorun ÜDM-də payı 70 faizi ötüb.

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər qeyri-neft-qaz məhsullarının istehsal imkanlarının genişləndirilməsi ilə yanaşı, onların xarici bazarlara çıxışının artırılmasını da hədəfləyir. Belə ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu il qeyri-neft-qaz mal ixracının həcmi 4,2 milyard ABŞ dollarını üstələyəcək. Bu baxımdan qeyri-neft-qaz ixracının dinamikası sektorun rəqabət qabiliyyətinin, istehsal potensialının və beynəlxalq bazarlarda mövqeyinin qiymətləndirilməsi üçün mühüm göstəricilərdən biridir.

Azərbaycanın qeyri-neft-qaz ixracının genişləndirilməsi hədəflənir. Bu istiqamətdə qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən nəqliyyat xərclərinin 70 %-ə qədər hissəsini dövlət qarşılayacaq. Bu dəstək sahibkarların logistika xərclərini azaldacaq və yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini gücləndirəcək. Dəstək bu ilin sentyabrın 1-dən etibarən tətbiq olunur. Sahibkarlara ödəniləcək dəstəyin məbləği ixracda istifadə olunacaq nəqliyyatın növünə görə nəqliyyat xərci və gömrük dəyəri əsasında müəyyən edilir.

Nəqliyyat xərci üzrə hesablama dəmir yolu, hava və dəniz nəqliyyatı, həmçinin Azərbaycan qeydiyyatlı avtomobillə daşınan yüklər üzrə ödənilmiş xərclərin 70%-i, xarici qeydiyyatlı avtomobil nəqliyyatı ilə daşınmalar üzrə isə xərclərin 50%-ini təşkil edir. Gömrük dəyəri üzrə hesablama dəniz nəqliyyatı üzrə dəyərin 5%-i, digər nəqliyyat növləri üzrə 15%-ini təşkil edir. İki hesablama üzrə alınan məbləğlərdən az olanı dəstək məbləği kimi ödəniləcək.

Bundan əlavə, bu ilin sentyabrın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının quru yolla ölkənin digər ərazilərinə daşınması üçün çəkilən nəqliyyat xərclərinin 70 %-ni dövlət ödəyir. Bu dəstək Naxçıvanda fəaliyyət göstərən istehsalçıların məhsullarını ölkənin digər bölgələrinə daha sərfəli şərtlərlə çatdırmasına və satış imkanlarını genişləndirməsinə kömək edəcək.

Mexanizm 2036-cı il sentyabrın 30-dək qüvvədə olacaq

Sahibkarlar hər rüb həyata keçirdikləri ixrac və ya daxili daşıma əməliyyatlarını təsdiq edən sənədləri toplayaraq həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyinə təqdim edə bilərlər. Bu sənədlər əsasında dəstək məbləği hesablanacaq və sahibkara ödəniləcək. Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracının genişlənməsi məqsədilə 1 sentyabr 2026-cı il tarixindən gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsini dövlət kompensasiya edir. Dəstəkdən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan ixracatçılar yararlana biləcəklər. Kompensasiyanın məbləği ixrac olunan malın gömrük dəyərinə uyğun tətbiq edilən gömrük rəsmiləşdirmə yığımına əsasən müəyyən ediləcək. Qeyd edək ki, ixrac zamanı gömrük rəsmiləşdirilməsi xərclərinin kompensasiyası mexanizmi 30 sentyabr 2031-ci il tarixinədək-ümumilikdə 5 il müddətində tətbiq ediləcək.

Dəstək mexanizmlərindən yararlanmaq üçün ixrac olunan qeyri-neft-qaz məhsullarının Azərbaycan mənşəli olması təsdiqlənməlidir. Belə ki, Nazirlər Kabinetinin "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası" məhz bu məsələnin əsaslarını müəyyən edir.

Mənşə meyarının müəyyənləşdirilməsi

Qaydaya əsasən, ixrac zamanı məhsulun Azərbaycan mənşəli olması, əsasən, iki mexanizm vasitəsilə təsdiqlənir. Avropa İttifaqına üzv ölkələrə, Norveç və İsveçrəyə ixrac edilən mallar üzrə ixracatçının Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemində (REX) qeydiyyatı və müvafiq təsdiqedici kodu nəzərə alınır və mənşə sertifikatı tələb edilmir. Digər hallarda isə malın Azərbaycan mənşəli olmasını təsdiq edən mənşə sertifikatı tələb olunur. İxracda mənşə sertifikatı, Naxçıvandan ölkənin digərn ərazilərində daxili daşımalarda isə mənşə rəyi tələb edilir.

Mənşə sertifikatı və mənşə rəyini sahibkarın müraciəti əsasında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC verir.

Naxçıvan üzrə daxili daşıma dəstəyinin ödənilməsi zamanı qeyri-neft-qaz məhsulları müəyyən şərtlərə cavab verdikdə Azərbaycan mənşəli hesab olunur. Bunun üçün məhsul ya tamamilə Naxçıvan Muxtar Respublikasının ərazisində istehsal edilməli, ya da həmin ərazidə kifayət qədər emal olunmalıdır.

Məhsulun kifayət qədər emal olunmuş hesab edilməsi üçün iki əsas meyar nəzərə alınır. Yəni, emal nəticəsində alınan yeni məhsul əvvəlki məhsuldan fərqli mal mövqeyi kimi təsnif edilməlidir. İkinci halda isə məhsulu hazırlamaq üçün xaricdən gətirilən xammal və materialların ümumi dəyəri, hazır məhsulun zavoddan çıxış qiymətinin yarısından (50%-dən) çox olmamalıdır.

Bu meyarlar Naxçıvanda istehsal olunan qeyri-neft-qaz məhsullarının Azərbaycan mənşəli məhsul kimi tanınması və daxili daşıma dəstəyindən yararlanması baxımından əhəmiyyətlidir. Bu isə istehsalçıların xaricdən xammal və materiallar gətirərək Naxçıvanda məhsul istehsal etməsinə, müəyyən emal tələblərinə cavab verdikdə isə dövlət dəstəyindən faydalanmasına imkan yaradır.

Mənşə rəyinin alınması qaydası

Mənşə rəyinin alınması üçün ərizəçi Mərkəzə ərizə ilə müraciət edərək tələb olunan sənədləri təqdim etməlidir. Ərizəçiyə çatışmazlıqları aradan qaldırmaq üçün 15 iş günü vaxt verilir. Çatışmazlıq olmadıqda, Mərkəz ərizənin qeydə alındığı tarixdən 5 iş günü ərzində sənədlərin, ərizəçinin məlumatlarının və istehsal obyektinə baxışın nəticələrini nəzərə alaraq ekspertiza aparır. Nəticə müsbət olarsa, malın Azərbaycan mənşəli olması barədə mənşə rəyi verilir.

Nəticə etibarilə, mənşə rəyi və sertifikatı yerli istehsalın baxımından mühüm əhəmiyyət daşıyır. Mənşənin müəyyənləşdirilməsi üzrə tətbiq edilən meyarlar istehsal prosesinin ölkə daxilində həyata keçirilməsini, yerli xammaldan istifadəni və məhsula əlavə dəyər qazandırılmasını stimullaşdırır. Beləliklə, mənşə rəyinin və sertifikatın tətbiqi yerli istehsalın inkişafı, sahibkarların rəqabət qabiliyyətinin artırılması və qeyri-neft-qaz sektorunun ixrac potensialının gücləndirilməsi baxımından əhəmiyyətli mexanizmdir.