Xaçmazdakı ixracatçıların problemləri dinlənilib

Biznes
  • 21 oktyabr, 2022
  • 12:25
Xaçmazdakı ixracatçıların problemləri dinlənilib

12:05

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə nar, xurma, fındıq və digər qeyri-neft məhsullarının ixracatçıları olan sahibkarlarla müvafiq strukturlarının rəhbərləri arasında görüş keçirilərək iş adamlarının problemləri dinlənilib.

"Report"un Şimal bürosu xəbər verir ki, görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Dövlət Gömrük Komitəsi Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər baş idarəsinin rəisi Mirqasım Vahabov, Xaçmaz rayonu prokuroru Rəşad Məmmədov və Xaçmaz rayonu İcra Hakimiyyətinin əməkdaşı Yaşar Əliheydərov istirak ediblər.

Müzakirələr əsasən ticarət qanunvericiliyi, ixracda konsiqnasiya üsulu, sahibkarların qarşılaşdığı problemlərin aradan qaldırılması yolları ətrafında aparılıb, daha sonra ixracatçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Jurnalistlərə açıqlama verən Y.Abdullayev bildirib ki, Azərbaycanda qeyri-neft ixracının artımı önəmli məsələlərdəndir: “AZPROMO olaraq mövcud mexanizmlərdən istifadə edərək, ixracatçılarımıza dəstək oluruq və ixracın artımını təmin etməkdə əlimizdən gələni edirik. Sevindirici hal budur ki, qeyri neft ixracımız artır. Bu ilin 9 ayında artım ötən ilin eyni dövrü ilə müqayisədə 17 % olub".

Onun sözlərinə görə, bugünki görüşdə ixracatçıları narahat edən məsələlər müzakirə olunub, eyni zamanda onlar maarifləndirilib: "Qanunvericiliyin dəyişməsininə görə, bəzi ixracatçılarımızın fərqli ölkələrə ixrac etdikləri məhsulların müqabilində əldə etdikləri vəsaitlərin ölkəyə gətirilməsində problemləri olur. Həm fiziki, həm də hüquqi şəxslər üçün gəlməyən vəsait üzrə araşdırmalar aparılır. Bu barədə sahibkarla məlumat verdik ki, onlar seçdikləri tərəfdaşları dəqiq yoxlasınlar, bilsinlər ki, məhsullarını kimə satırlar, güvənə biləcəyi fiziki və hüquqi şəxslərlə müqavilə bağlasınlar. İxrac edilən məhsulların müqabilində qanunauyğun vəsait daxil olmalıdır".

M.Vahabov isə bildirib ki, sahibkarlarla və ayrı-ayı mərkəzi icra orqanlarının nümayəndələri ilə görüş çox maraqlı, işgüzar şəraitdə keçib: "Ölkəmizdə formalaşan sahibkar ordusunun milli iqtisadiyyatın formalaşmasında kifayət qədər rolu var və xüsusi çəkiyə malikdir. Qlobal qiymət artımları, geosiyasi proseslər fonunda sahibkarların üzərinə böyük məsuliyyət düşür. Həm idxal, həm də ixrac əməliyyatlarında Azərbaycanınli qanunvericiliyinə düzgün riayət olunmalıdır. Kastiqnasiya yolu ilə ixrac olunan malların müqabilində əldə olunan vəsaitin - valyutanın müvəkkil bankdakı hesablara gətirilməsi zəruridir”.

Onun sözlərinə görə, bugünkü görüş maarifləndirici xarakter daşıyıb: “Prezident İlham Əliyev həmişə sahibkarları dəstəkləyib. Ölkədə sahibkarlığın inkişafı üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi baxımından kifayət qədər normativ-hüquqi sənədlər imzalanıb, qanunlar qəbul edilib. Bu ilin 9 ayında 2,1 milyard ABŞ dolları dəyərində qeyri-neft malları ölkədən ixrac olunub. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 300 milyon dollardan çox artım deməkdir. Göründüyü kimi, qeyri-neft ixracı hər il artır. Azərbaycanda kifayət qədər rəqabətədavamlı məhsullar istehsal olunur və onların “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxarılması bizim üçün qürurvericidir. Şirkətlərlə yanaşı fərdi sahibkarlarımızın da istehsal etdikləri malları xarici bazarlara çıxarmaq şansı var".