WAM: ADQ və Azərbaycan İnvestisiya Holdinqi maliyyə xidmətləri üzrə əməkdaşlıq etmək istəyir

Biznes
  • 17 sentyabr, 2025
  • 13:43
WAM: ADQ və Azərbaycan İnvestisiya Holdinqi maliyyə xidmətləri üzrə əməkdaşlıq etmək istəyir

Şuşada BƏƏ-nin aparıcı holdinqi olan ADQ (Abu Dhabi Developmental Holding) ilə Azərbaycan İnvestisiya Holdinqi arasında imzalanmış Anlaşma Memorandumu iki ölkənin ümumi inkişaf məqsədlərinə nail olmaq və qarşılıqlı fəaliyyətin yeni perspektivlərini araşdırmaq üçün genişmiqyaslı iqtisadi əməkdaşlığın təməlini qoyur.

"Report" xəbər verir ki, bu barədə BƏƏ-nin WAM informasiya agentliyi yazıb.

Sənədə əsasən, tərəflər maliyyə xidmətləri sektorunda əməkdaşlığın inkişafına diqqət yetirəcək, xüsusilə iki ölkənin uzunmüddətli iqtisadi artımını təmin edə biləcək dayanıqlı investisiya ekosisteminin yaradılması təşəbbüslərinə xüsusi diqqət yetirəcəklər.

Bu memorandum 2023-cü ildə əldə edilmiş razılaşmaların məntiqi davamıdır, o zaman Azərbaycan və BƏƏ birgə investisiya platformasının yaradılmasını razılaşdırmışdı. Bu platforma təkcə BƏƏ və Azərbaycanda deyil, həm də Mərkəzi Asiya ölkələrində kənd təsərrüfatı, qabaqcıl texnologiyalar, əczaçılıq sənayesi və energetika kimi strateji əhəmiyyətli sektorlarda layihələrin dəstəklənməsinə yönəlib.

Memorandumun imzalanmasını şərh edən ADQ-nin baş direktoru Məhəmməd Həsən Əl-Süveydi bu addımın strateji əhəmiyyətini vurğulayıb: "İmzalanmış memorandum ölkələrimizin uzunmüddətli qarşılıqlı faydalı tərəfdaşlıq qurmaq, kapital yatırmaq və əsas coğrafi regionlarda prioritet sektorların inkişafı üçün əldə edilmiş investisiya təcrübəsini tətbiq etmək qətiyyətini əks etdirir".

"Bu saziş iqtisadi şaxələnməyə töhfə verir, sənaye ekspansiyasını sürətləndirir və regional inteqrasiyanı dəstəkləmək və qlobal rəqabət qabiliyyətini artırmaq üçün böyük imkanlar yaradır", - o əlavə edib.

Öz növbəsində, Azərbaycan İnvestisiya Holdinqinin baş direktoru Ruslan Əlixanov ADQ ilə tərəfdaşlığın ölkələr arasında əməkdaşlıq üçün yeni perspektivlər açacağına əminliyini ifadə edib. "Birlikdə işləyərək, kapital və təcrübəni strateji sektorlara yönəldir, milli səviyyədə daha çox şaxələndirilmiş artıma töhfə veririk. Bu əməkdaşlıq iqtisadi transformasiya səylərimizi təcəssüm etdirir, regional əlaqələri gücləndirir və Azərbaycanın dünya miqyasında mövqeyini möhkəmləndirməyə kömək edir", - o qeyd edib.

Memorandum BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın sentyabrın 16-da Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb. Səfər zamanı BƏƏ lideri azad edilmiş ərazilərdə, o cümlədən Füzuli və Şuşa şəhərlərində olub, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Şuşada 14 imzalanmış sənədin, o cümlədən Azərbaycan İnvestisiya Holdinqi ilə Abu Dhabi Developmental Holding Company arasında "Azer-Türk Bank" ASC-yə investisiya qoyuluşu haqqında Anlaşma Memorandumunun mübadiləsi həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti