Trendyol: Türkiyədə onlayn ticarətin ümumi pərakəndə satışda payı 20 % təşkil edir

Biznes
  • 30 sentyabr, 2025
  • 12:59
Trendyol: Türkiyədə onlayn ticarətin ümumi pərakəndə satışda payı 20 % təşkil edir

Hazırda Türkiyədə onlayn ticarətin ümumi pərakəndə satışda payı cəmi 20 %-dir.

"Report" xəbər verir ki, bunu "Trendyol" şirkətinin Beynəlxalq İnkişaf Departamentinin rəhbəri İrem Çağrı Yılandil "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammiti 2025 çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, "Trendyol"un hazırda 250 min satıcısı var və şirkət onları yalnız Türkiyədə 30 milyon müştəri ilə əlaqələndirir: "Beş il əvvəl Türkiyədə onlayn ticarətin ümumi pərakəndə satışda payı cəmi 10 % idi. Beş il ərzində bu göstərici 20 %-ə çatıb. Əlbəttə ki, bunu COVID-19 pandemiyası dövrü də sürətləndirib. Lakin ən əhəmiyyətli məsələ odur ki, bizim kimi yerli oyunçular rəqəmsallaşma üçün çox səy göstəriblər və biz istehlakçıların etimadını qazandıq".

O qeyd edib ki, şirkət iki il əvvəl beynəlxalq baxımdan genişlənməyə başlayıb: "Hazırda biz Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, o cümlədən Gürcüstan, Azərbaycan, Rumıniya, Yunanıstan, Bolqarıstan kimi ölkələrdə fəaliyyət göstəririk. Hazırda Rumıniyada onlayn ticarətin ümumi pərakəndə satışdakı payı 10-12 %-dir. Bu göstərici Səudiyyə Ərəbistanında 9 %, Mərkəzi Asiyada isə 5-7 %-dir. Bu mənada böyük bir potensial var. Biz xüsusilə regionumuzdakı oyunçular üçün böyük bir inkişaf sahəsinin olduğuna inanırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti