Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində iki sənəd imzalanıb

Biznes
  • 08 fevral, 2023
  • 07:54
Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində iki sənəd imzalanıb

Bu gün Bakıda keçirilən Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində iki anlaşma memorandumu imzalanıb.

"Report" xəbər verir ki, sənədlər Azərbaycanda Qadın Sahibkarlığı Assosiasiyasının (AQSİA) beynəlxalq tərəfdaşları arasında imzalanıb.

Assosiasiya "MediaOst Events und Kommunikation GmbH" (Berlin) və Qadın və Sosial Sahibkarlığın Beynəlxalq İnkişaf Mərkəzi (Moskva) ilə əməkdaşlıq çərçivəsində memorandumlar imzalayıb.

AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva imzalanma mərasimində bildirib ki, Qadın Sosial Sahibkarlıq Forumu layihəsi "MediaOst Events und Kommunikation GmbH" (Berlin), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (Bakı), Qadın və Sosial Sahibkarlığın İnkişafı Beynəlxalq Mərkəzi (Moskva) tərəfindən icra edilir və bu, ölkələr arası təfədaşlığın bariz nümunəsidir".

Onun sözlərinə görə, beynəlxalq komandada Azərbaycan, Rusiya və Almaniyadan olan 24 sahibkar ictimai faydalı və müxtəlif sahələrdə birgə layihələr üçün ideyalar hazırlayır: "Bu layihələr cəmiyyət, ekologiya, təhsil, media,mədəniyyət və digər sosial əhəmiyyətli mövzuları əhatə edib. Bu layihələr BMT-nin Dayanaqlı İnkişaf məsqədlərinin 4-cü bəndi – Keyfiyyətli təhsil, 7-ci bəndi – Sərfəli və təmiz enerji və 17-ci bəndi - Məqsədlər üçün tərəfdaşlıq bəndinə əsaslanır".

S. Babayeva hesab edir ki, Qadın Sosial Sahibkarlıq Forumu layihəsi Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya proqramı” çərçivəsində dəstəklənir və bu da 3 ölkə arasında iqtisadi əlaqələrin inkişafına böyük töhfə olacaq.

Xatırladaq ki, Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumda ümumilikdə 200-dən çox iştirakçı qatılıb. Rəsmi hissədən sonra forum müxtəlif mövzularda master klasslar, panellərlə davam edib.

Forumda təqdimatlardan əlavə, şəbəkələşmə platforması, Azərbaycanın işgüzar dairələri və qadın təşkilatlarının nümayəndələri ilə görüşlər, ölkədə sahibkarlara dəstək üzrə dövlət proqramlarının təqdimatı keçirilib. Qadın sahibkarlığı üzrə cari seminarların cədvəlinə aşağdakı mövzular daxil olub:

  • startaplar üçün investisiyaların tapılması, sosial faydalı layihələr üçün qrant maliyyələşdirilməsi,
  • internetdə biznes layihələri, sosial şəbəkələrdə malların/xidmətlərin təşviqi üçün onlayn marketinq.
  • Həmçinin komanda işgüzar oyunları və master-klasslar keçirilib.
  • Naida İvazoviç (Almaniya) “Weiberwirtschaft”ın biznes konsepsiyasının təqdimatı ilə onlayn yayım keçirib.
  • Forumda həmçinin sosial sahibkarlara peşəkar inkişaf, şəxsi inkişaf, biznes emiqrasiyası və s. sahələrdə öz xidmətlərini təklif etməyə hazır olan məsləhətçilərin yarmarkası keçirilib.

Layihə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya proqramı” çərçivəsində dəstəklənir.