Şöbə müdiri: “İstehlakçılar bəzən hüquqlarını tam bilmirlər”
- 14 mart, 2025
- 17:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda istehlakçılar aldıqları mallarda qüsur aşkar etdikdə bəzən hansı hüquqlara malik olduqlarını tam bilmirlər.
"Report"un Lənkərana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Agentliyinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov rayonda "İstehlakçı hüquqları" mövzusunda keçirilən təlimdə bildirib.
"Qüsur dedikdə satılmış malın normativ sənədlərin və müqavilə şərtlərinin tələblərinə uyğun gəlməməsi başa düşülür. Mühüm qüsur isə malın təyinatı üzrə istifadə olunmasını qeyri-mümkün edən, istehlakçı üçün aradan qaldırılması çətin və yaxud mümkün olmayan problemlərdir. İstehlakçıların zəmanət müddətində qüsurlu malı lazımi keyfiyyətli mala dəyişdirmək, satıcıdan qiymətin uyğun məbləğdə azaldılmasını tələb etmək, qüsurları satıcının hesabına aradan qaldırmaq və yaxud bu xərcləri ödətdirmək, malı digər modellə əvəz etmək və müqaviləni ləğv edilərək ödənilmiş məbləği geri almaq hüquqları var”, - deyə o qeyd edib.
E.Cəfərovun sözlərinə görə, istehlakçı bu tələbləri irəli sürərkən kassa çeki və yaxud qəbzi təqdim etməlidir. "Zəmanət müddəti olan mallar üçün texniki pasport və yaxud ekvivalent sənəd tələb olunur. Əgər satıcı qüsurun istehlakçının istifadə və saxlanma qaydalarını pozması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakətlər nəticəsində yarandığını sübut edərsə, bu halda istehlakçının tələbləri təmin olunmaya bilər. Qanuna görə, istehlakçının malı dəyişdirmək tələbi satışda uyğun mal olduqda dərhal yerinə yetirilməlidir.
Lazım gələrsə, malın keyfiyyəti 14 gün müddətində yoxlanılmalı və razılaşdırılmış müddətdə dəyişdirilməlidir. Əgər satışda uyğun mal yoxdursa, tələb 2 ay ərzində icra olunmalıdır. Zəmanət müddəti müəyyən edilməyən mallar üzrə istehlakçılar qüsurlarla bağlı tələblərini 2 il müddətində irəli sürə bilərlər. Əgər zəmanət müddəti 2 ildən azdırsa və istehlakçı qüsuru zəmanət müddəti bitdikdən sonra aşkar edərsə, bu qüsurun satıcıdan qaynaqlandığını sübut edərsə, bu halda satıcı məsuliyyət daşıyır".