SESRIC kiçik və orta biznesin dəstəklənməsinin beş prioritetini açıqlayıb
- 21 may, 2026
- 15:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Kiçik və orta biznesə (KOB) dəstək sistemi beş əsas prioritet istiqamətə əsaslanmalıdır - maliyyə resurslarına daha geniş çıxışın təmin edilməsi, KOB-ların iqtisadi proseslərə cəlb edilməsi, rəqəmsal modernləşdirmə, ekoloji yönümlü biznesin təşviqi, qadınlar və gənc nəsil üçün əlavə imkanların yaradılması.
"Report"un məlumatına görə, bunu SESRIC-in (İslam Əməkdaşlıq Təşkilatının Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi) baş direktoru Zehra Zümrüt Selçuk Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Davamlı, inklüziv və həyat qabiliyyətli şəhərlərin yaradılmasının əsas iştirakçıları kimi KOB-ların imkanlarının genişləndirilməsi" mövzusunda panel müzakirəsində bəyan edib.
Onun sözlərinə görə, kiçik və orta biznes seqmentinə qoyulan investisiyalar uzunmüddətli sosial-iqtisadi rifahın əldə edilməsi və şəhər mühitinin dayanıqlığının artırılması ilə birbaşa bağlıdır.
"KOB-lara investisiya qoyuluşu cəmiyyətin uzunmüddətli firavanlığına investisiyadır. Biz KOB-ların davamlı şəhər transformasiyasının mərkəzində qalmasını təmin etməliyik. Bu beş istiqamətin hər biri sadəcə iqtisadi hədəf deyil, insanların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün real alətdir. Biz yalnız rəqəmsallaşmanı, ekoloji texnologiyaları və hamı üçün bərabər imkanları birləşdirməklə yaşamaq üçün əverişli şəhərlər qura bilərik", - Z.Selçuk vurğulayıb.
SESRIC-nin rəhbəri hesab edir ki, rəqəmsal texnologiyalara keçid KOB-lara dəyişən bazar şəraitinə daha operativ uyğunlaşmaq, beynəlxalq platformlara çıxış əldə etmək və rəqabət üstünlüklərini artırmaq imkanı verir. Bununla paralel olaraq ekoloji cəhətdən məsuliyyətli sahibkarlığın təşviqi ətraf mühitin yükünün azaldılmasına kömək edir, davamlı istehsal və istehlak modellərinə keçidi sürətləndirir.
Onun sözlərinə görə, qadınların və gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə xüsusi diqqət yetirilməlidir, çünki onların iqtisadi iştirakının genişləndirilməsi sosial sabitliyi möhkəmləndirir və şəhər ərazilərinin daha inklüziv inkişafına kömək edir.