Səfir: "Bakıda Ukrayna Ticarət Evinin açılışının ilin sonuna qədər baş tutacağı planlaşdırılır"
- 15 noyabr, 2018
- 12:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 noyabr. REPORT.AZ/ Ukrayna tərəfi Bakıda Ukrayna Ticarət Evinin açılışına hazırlıqlarını, demək olar ki, tamamlayıb. Struktur Azərbaycanda qeydiyyatdan keçib.
Bu barədə "Report"a Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.
"Artıq məkan hazırdır, onu hazırlamışıq. Yayda Kiyevdə Azərbaycan Ticarət Evini açan Azərbaycan tərəfi ilə müqayisədə, əlbəttə ki, bir az gecikirik. İndi isə bizim növbəmizdir. Ukraynanın yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfərini gözləyirik ki, Ticarət Evinin müvafiq şəkildə açılışını edək", - A.Mişenko deyib.
Onun sözlərinə görə, hazırda nümayəndə heyətinin Bakıya səfərinin tarixi məsələsi Ukrayna Prezidentinin Administrasiyası tərəfindən işlənir.
"Ukrayna və Azərbaycan arasında iqtisadi əlaqələri daha da möhkəmləndirəcək bu vacib strukturun açılışını kimin və nə vaxt gələcəyinə dair qərarı gözləyirik. Ticarət Evinin ilin sonuna qədər açılacağını gözləyirik", - ukraynalı diplomat qeyd edib.